az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
09.11.2009, 12:22
Türkologiya elmimizin patriarxı

Görkəmli türkoloq, elm təşkilatçısı, milli kadrların yetişməsində müstəsna xidmətləri olan akademik Məmmədağa Şirəliyevin anadan olmasının 100 ili tamam oldu. O, Azərbaycan dilçiləri arasında ilk elmlər doktoru, ilk professor, ilk əməkdar elm xadimi, ilk Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının ilk müxbir üzvü və ilk akademiki, "Sovetskaya turkologiya" jurnalının ilk baş redaktoru, Türk Dil Qurumunun ilk azərbaycanlı müxbir üzvü (1957), Azərbaycan SSR EA-nın Dil İnstitutunun ilk direktoru (1949-1951), Ədəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsinin yaradıcısı və ilk müdiri (1951), ali məktəblər üçün dialektologiya üzrə ilk dərsliyin müəllifi olmuşdur. Bu ilkinə akademik Ağamusa Axundovun həsr etdiyi "Böyük Azərbaycan dilçisi" məqaləsində gəldiyi qənaəti əlavə etsək, mətləb daha da aydın olar: "Məmmədağa Şirəliyev Azərbaycan dilçiliyi hüdudlarını yarıb beynəlxalq aləmə çıxan, elmi türkologiyanın zəngin üfüqlərində öz işıqlı yeri olan ilk Azərbaycan dilçisidir". Onu da deyək ki, Azərbaycan ədəbi dilinin formalaşmasında dialektlərin rolu məsələsini ilk dəfə gündəmə gətirən və bu barədə qiymətli əsərlər yazan da akademik M.Şirəliyevdir.

Məlum olduğu kimi, akademik M.Şirəliyev əsasən türkologiya, onun maraqlı sahələrindən biri olan dialektologiya ilə məşğul olmuşdur. Lakin bu o demək deyildir ki, M.Şirəliyev Azərbaycan dilinin başqa sahələri ilə məşğul olmurdu. Alimin professor M.Hüseynzadə ilə birgə yazdığı "Azərbaycan dilinin qrammatikası. Sintaksis" dərsliyi yarım əsrə yaxın dövriyyədən çıxmamışdır. M.Şirəliyev eləcə də Azərbaycan dilinin morfologiya, orfoqrafiya, orfoepiya, əlifba, terminologiya, durğu işarələri, üslubiyyat, nitq mədəniyyəti, türkologiyanın nəzəri problemləri və s. tədqiqatların, monoqrafiyaların müəllifidir. Alimin "Azərbaycan dili orfoepiyasının əsasları" əsəri bu gün də aktuallığını itirməmişdir. Bununla belə, deməliyəm ki, taledən ona hər alimə qismət olmayan pay düşmüşdü. M.Şirəliyev daha çox Azərbaycan dialektologiya elminin banisi və dialektologiya məktəbinin yaradıcısı kimi şöhrət qazanmış, türkologiya tarixində öz layiqli və əbədi yerini tutmuşdur. Təsadüfi deyildir ki, hələ 1945-ci ildə SSRİ EA-nın müxbir üzvü N.Dmitriyev yazmışdır: "M.Şirəliyevi çəkinmədən Azərbaycan dialektologiyasının banisi adlandırmaq olar".

Akademik M.Şirəliyevin "Bakı dialekti", "Azərbaycan dialektologiyasının əsasları", təkmilləşdirilmiş nəşri, "Azərbaycan dilinin dialekt və şivələri" (rusca), türkoloqların ən çox bəhrələndiyi əsərlər olub. Dialektologiyanın mövcud nəzəri məsələləri bütövlükdə bu əsərlərdə öz əksini tapıb.

Akademik M.Şirəliyev Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş fundamental "Azərbaycan dialektologiyasının əsasları" əsərində türk dillərinin dialektlərinə dair o vaxta qədər yazılmış əsərlərdən fərqli olaraq, ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə etmiş, Azərbaycan dili dialekt və şivələrinin təsnifini vermiş, özünün şəxsən iştirak etdiyi dialektoloji ekspedisiyalar zamanı toplanan faktiki materiallar əsasında ümumiləşmələr aparmış, Azərbaycan dili dialekt və şivələrinin 4 qrupa: şərq, qərb, şimal, cənub qruplarına bölündüyünü inkarolunmaz faktlarla isbat etmişdir. Alim Azərbaycan dialektlərini belə müəyyənləşdirmişdir: Quba, Bakı, Şamaxı (şərq qrupu), Qazax, Qarabağ, Gəncə (qərb qrupu), Şəki (şimal qrupu), Naxçıvan, Ordubad, Təbriz (cənub qrupu). Bu kitabda Azərbaycan dili dialekt və şivələrinin fonetik, leksik və qrammatik xüsusiyyətləri tam əhatə olunur. Onu da deyək ki, son vaxtlar aparılan tədqiqatlar göstərir ki, Dərbənd dialekti də şərq qrupuna daxildir.

Maraqlıdır ki, hələ 1941-ci ildə M.Şirəliyev rus dilində çap etdirdiyi bir məqaləsində ilk dəfə olaraq Azərbaycan dialektlərinin təsnifini coğrafi prinsip əsasında aparıb və bu bölgü sonralar, 1959-cu ildə YUNESKO-nun "Fundamental turcica" əsərində öz əksini tapıb. Akademik M.Şirəliyevin türkologiyada ilk dəfə dialekt və şivələrin təsnifinə dair bölgüsü türkoloqlar tərəfindən qəbul olunmuşdur. Bu münasibətlə görkəmli qazax dilçisi Ş.Sarıbayev yazırdı: "Qazax dialektologiyasında mübahisəli məsələlər çoxdur. Onların biri dialektlərin təsnifidir. Bu məsələnin türkoloji aləmdə obyektiv yolunu Azərbaycanın görkəmli türkoloqu M.Şirəliyev müəyyənləşdirmişdir".

Akademik M.Şirəliyevin ən böyük xidmətlərindən biri də türkologiya tarixində ilk olaraq "Azərbaycan dilinin dialektoloji atlası"nı yaratmasıdır. M.Şirəliyevin təşəbbüsü, rəhbərliyi və iştirakı ilə hazırlanan atlas türkoloji aləmdə bu sahədə atılan ilk və uğurlu addımdır. Məhz buna görədir ki, başqa türkdilli xalqlar dialektoloji atlaslarını tərtib edərkən Azərbaycan dialektoloqlarının təcrübəsinə əsaslanırdılar. Türkmənistan EA-nın prezidenti, akademik P.Əzimov bu münasibətlə yazırdı:

"Türkmənlər dialektoloji atlasın tərtibi işlərini M.Şirəliyevin məktəbindən əxz etmişlər".

Qeyd etmək lazımdır ki, türkologiyada dilçilik coğrafiyasının əsasını qoyan da akademik M.Şirəliyev olmuşdur. Bu baxımdan Ural-Altay cəmiyyətinin sədri İ.Qunnarın fikri maraq doğurur: "Türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi sahəsində M.Şirəliyevin xidmətləri danılmazdır".

Akademik M.Şirəliyevin türkologiya sahəsində gördüyü qlobal işləri, Bakını türkoloji mərkəzə çevirməsini tanınmış türkoloqlar görür və yüksək qiymətləndirirdilər. "Voprosı yazıkoznaniya" jurnalında (¹5, 1967) "Keçən 50 il ərzində Sovet İttifaqında dilçiliyin inkişafı" adlı baş məqalədə qeyd edilirdi ki, sovet dövründə türk dilləri dialektlərinin tədqiqində əldə edilmiş nailiyyətlərdə akademik M.Ş.Şirəliyevin böyük xidmətləri olmuşdur.

Görkəmli alimlərin M.Şirəliyev haqqında yazdıqlarını toplasaq, bir kitaba sığmaz. Türkoloqlar arasında akademik M.Şirəliyevin nüfuzu o qədər böyük idi ki, 1970-ci ildə SSRİ EA-nın Rəyasət Heyətində "Sovetskaya turkologiya" jurnalının nəşri və baş redaktor məsələsi müzakirə olunanda SSRİ Türkoloqlar Komitəsinin sədri, akademik A.Kononov və SSRİ EA-nın Ədəbiyyat və dil bölməsinin katibi, akademik M.Xrabçenkonun jurnalın Bakıda çıxmasını və baş redaktor vəzifəsinə akademik M.Şirəliyevin namizədliyini dəstəkləməsi təsadüfi deyildi.

Həqiqətən də M.Şirəliyev sovet türkologiyasının inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Təkcə Azərbaycanda professorun rəhbərliyi ilə 10 elmlər doktoru (akademik A.Axundov, AMEA-nın müxbir üzvü T.Hacıyev, professorlardan M.Rəhimov, M.Adilov, R.Məhərrəmova, Ə.Mahmudov, İ.Məmmədov və başqaları), 50-dən artıq elmlər namizədi yetişmişdir.

Bundan başqa, M.Şirəliyevin rəhbərliyi altında 1 nəfər Balkan, 1 nəfər qaqauz, 1 nəfər qaraqalpaq namizədlik dissertasiyası müdafiə edib. Eləcə də 9 özbək, 2 başqırd, 2 tatar, 1 qaraçay və 1 qazax aliminin filologiya elmləri doktoru alimlik dərəcəsi almasında da M.Şirəliyevin xidmətləri olmuşdur.

Onu Avropada və Türkiyədə də yaxşı tanıyırdılar. 1957-ci ildən Türk Dil Qurumunun müxbir üzvü olan M.Şirəliyev dəfələrlə Türkiyədə elmi məclislərdə türkologiyanın ən aktual problemləri barədə maraqlı məruzələrlə çıxış etmişdi. Professor 1953-1954-cü illərdə Bolqarıstanda Sofiya Universitetində türk filologiyası kafedrasına rəhbərlik etmiş, 1963-cü ildə isə Polşada Varşava və Krakov universitetlərində türk dilindən dərs demişdi.

Professor Bolqarıstanda türk kəndlərini gəzərək zəngin material toplamış və həmin materiallar əsasında "Türk dialektologiyası" əsərini, eyni zamanda "Dilçiliyə giriş" dərsliyini yazmışdı. Onun fəaliyyəti istər bolqar, istərsə də sovet alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bolqar alimi Emil Boyev 1966-cı ildə Ankarada XI Türk Dili qurultayında "Bolqarıstanda türk dialektlərinin araşdırılması" mövzusunda məruzə edərkən xüsusi vurğulamışdır: "Bolqarıstanda türk dialektlərinin araşdırılmasının əsasını professor M.Şirəliyev qoydu. Biz - onun şagirdləri isə bu işi davam etdiririk".

Akademik M.Şirəliyevin yaradıcılığına Azərbaycan alimləri də yüksək qiymət verirdilər. Akademik Həmid Araslı, EA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə, akademik Ağamusa Axundov, EA-nın müxbir üzvü Tofiq Hacıyev, professorlardan Mirzə Rəhimov, Yusif Seyidov, Vaqif Aslanov, Əhməd Mahmudov, Rəhilə Məhərrəmova, Qəzənfər Kazımov, Aydın Nağdalıyev və başqaları Şirəliyevə məqalələr həsr etmiş, alimin elmi fəaliyyətinə işıq tutan diqqətəlayiq fikirlər söyləmişlər.

Namizədlik dissertasiyası yazarkən akademik M.Şirəliyev elmi rəhbərim olub. "Azərbaycan dilinin Kərkük dialekti" adlı mövzunu da özü seçmişdi. 1962-ci ildə mən İraqa tərcüməçi işləməyə gedəndə yanına çağırdı. Özünün hazırladığı "Azərbaycan dilinin dialekt və şivələrinin monoqrafik tədqiqinə dair proqram" və "Bakı dialekti" kitabını mənə verərək dönə-dönə tapşırdı ki, Kərkük dialekti İraq türkmanlarının azərbaycanlı olduğunu göstərə biləcək əsas sübutdur. Bu şansı əldən verməməliyik. Professorun hiss-həyəcanını, xalqımıza olan dərin məhəbbətini sonralar daha yaxşı anladım. M.Şirəliyev böyük məktəb idi. Xeyirxah, həssas, təvazökar, son dərəcə mədəni, hamıya nümunə ola biləcək nadir insan idi.

Yuxarıda qeyd etdiyimiz kimi, M.Şirəliyev sintaksis üzrə professor M.Hüseynzadə ilə müştərək yazdığı ən uzunömürlü dərsliyin müəllifidir. Türkoloqlar arasında ən çox mübahisəyə səbəb olan isə sintaksisdə tabeli mürəkkəb cümlə məsələsidir. Bəzi alimlər feli bağlama tərkiblərini budaq cümlə hesab edirlər. M.Şirəliyev, M.Hüseynzadə, Z.Budaqova, Ə.Abdullayev, Y.Seyidov və başqaları isə feli bağlama tərkiblərinin xəbərlik kateqoriyasına məxsus qrammatik əlaməti olmadığına və bu tərkiblər mübtəda ilə uzlaşmadığına görə budaq cümlə hesab etmirlər.

Akademik M.Şirəliyev "Tabeli mürəkkəb cümlə problemləri" və "Müasir Azərbaycan dilində mürəkkəb cümlə məsələsi" məqalələrində feli bağlama tərkibləri barədə öz müddəalarını irəli sürmüşdür.

Biz Azərbaycan dilinin Kərkük dialektində - -anda,

-əndə şəkilçili feli bağlamaların və şərt ədatı "isə"nin şəxslər üzrə dəyişərək şəxs şəkilçilərini qəbul etməsi və təsriflənməsini ortaya qoyanda Azərbaycanda sensasiya kimi qarşılandı və çoxları budaq cümlə məsələsində akademik M.Şirəliyevin müddəalarına əngəl törəndiyini düşündülər. Professor bu haqda məqalə yazdı. Gəldiyi nəticə bu oldu ki, bu proses bütün feli bağlamalara aid olmadığından və həm də təkcə İraq-türkman ləhcəsində müşahidə olunduğundan budaq cümləyə dair onun müddəalarını əngəlləmir.

Professor Azərbaycan dilinə dair xaricdə nə çıxsa ciddi şəkildə izləyir və ingilis-Azərbaycan dilləri fakültəsini bitirdiyimdən tərcüməsini mənə həvalə edərdi. 1975-ci ilin ikinci yarısında ABŞ-ın Florida Universitetindən Səlim Hüseynqulu oğlunun "Azərbaycan dilinin generativ fonologiyası" adlı doktorluq dissertasiyasını rəy üçün Nəsimi adına Dilçilik İnstitutuna göndərmişdilər. İnstitutun direktoru, akademik M.Şirəliyevlə əsərə müsbət rəy verdi.

Tale elə gətirdi ki, 1983-cü ilin yayında ABŞ-a iki aylıq elmi məzuniyyətə gedəsi oldum. Professor dönə-dönə tapşırdı ki, ABŞ-da Azərbaycan dilinə dair araşdırmalarla (Cənubi Azərbaycan daxil olmaqla) ciddi maraqlanım. ABŞ-da Azərbaycan dilinə və dialektinə dair xeyli tədqiqatların olduğunu üzə çıxardım və Vətənə qayıdandan sonra Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları qarşısında məruzə etdim. İnstitutun direktoru M.Şirəliyev direktor müavini professor Z.Budaqovaya və şöbə müdirlərinə göstəriş verdi ki, Azərbaycan dilinin xaricdə tədqiqinə dair məqalələr toplusu hazırlasınlar. Mənim "ABŞ-da Azərbaycan dilinə dair araşdırmalar" adlı geniş məqaləm daxil olmaqla, məqalələr məcmuəsi "Azərbaycan dili xaricdə" adı ilə professorun sağlığında işıq üzü gördü və təşəbbüsü öz bəhrəsini verdiyinə görə sevindi.

Akademik M.Şirəliyev belə bir insan idi.

Qəzənfər PAŞAYEV,

filologiya elmləri doktoru, professor

"Azərbaycan" qəzeti, 9 noyabr 2009-cu il

E-MAİL

1-Avqust Azərbaycan dili və əlifbası günü
ELANLAR
FOLKLOR İNSTİTUTU