Kommersiya təklifləri
  Axtar      


Son illər Azərbaycan Respublikasında əldə edilmiş dinamik inkişaf tempi hər bir sahəyə öz müsbət təsirini göstərmiş və xalqımızın elmi-mədəni həyatında yeni səhifə açmışdır. Ölkəmizin iqtisadi inkişafının sürətləndirilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində hər zaman fəal iştirak edən alimlərimiz bu gün də cəmiyyətin sosial-iqtisadi inkişafında hərəkətverici qüvvə kimi çıxış edirlər.

Azərbaycanın elm sahəsindəki uğurları çox qədim tarixə malik olmaqla, müxtəlif sahələri əks etdirən nailliyətləri dünyanın istənilən bölgəsində tətbiq olunmuş və uğurlu nəticələri ilə seçilmişdir. Azərbaycan xalqı öz sıralarından çoxlu görkəmli alim və mütəffəkkirlər yetişdirmiş, onlar dünya elmini insan dühasının parlaq əsərləri ilə zənginləşdirmişlər. XI əsrin mütəfəkkirləri Əbülhəsən Bəhmənyar və Xətib Təbrizi, XII əsrin astronomu Əbdülkərim Şirvani, Nəsirəddin Tusi, məşhur mühəndis və alim Əmirəddin Naxçıvani, Fələki Şirvani, orta əsrlərdə yaşayıb yaratmış Seyid Yəhya Bakuvi, Kəmaləddin Şirvani və başqaları bizim dövrümüzə qədər gəlib çatmış qiymətli əsərlər yaratmışdır.

Azərbaycan iqtisadiyyatında sənaye sahələrinin inkişafı, dağ-mədən sənayesi sahəsində iri kapitalist müəssisələrinin meydana çıxması müəyyən dövrlərdə bu sahələrin müntəzəm olaraq elmi tədqiqinə təkan vermişdir. Kənd təsərrüfatı və təbiət elminin inkişafında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Cəfərqulu ağa Bakıxanov, Rəhim bəy Qaradağlı, İsmayıl bəy Qutqaşınlı əhəmiyyətli rol oynamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda elmin inkişafı yalnız məhdud milli çərçivə daxilində deyil, Avropa xalqlarının mütərəqqi ideyalarından çox səmərəli şəkildə bəhrələnməklə inkişaf etmişdir. Respublikamızda elmi tədqiqatların ardıcıl və sistemli aparılması, müasir sivilizasiya səviyyəsində elmi töhfələr 20-ci yüzillikdə daha da genişlənmişdir.

Respublikanın elmi-tədqiqat təşkilatları və idarələrin XX əsrin 20-ci illərində başlamış formalaşma prosesi 1929-cu ildə Bakıda 8 sahə institutunu əhatə edən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə başa çatmışdır. Bu elmi tədqiqat müəssisələrinin yaranması xalqımızın milli təfəkkür və mədəniyyətin çoxəsrlik inkişafının yeni mərhələsinin əsasını qoymaqla yanaşı, eyni zamanda ölkədə sənayenin, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına da öz müsbət təsirinin göstərmişdir.

Müasir inkişaf prosesində və Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, iqtisadi potensialımızın səmərəli istifadə olunmasının həyata keçirildiyi bir dövrdə ölkənin intellektual imkanlarının qorunması və inkişaf etdirilməsi dövlətin həyata keçirdiyi sosial siyasətdə əhəmiyyəli tədbirlərdən biridir. Bu baxımdan Azərbaycan elminin inkişafı Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün mərhələlərində dövlətin diqqət mərkəzində olmuş və özünün intibah dövrünü yaşamışdır. Heydər Əliyev hər zaman elmi ümumi inkişafın, iqtisadi tərəqqinin və siyasi yüksəlişin əsas şərti saymışdır. Məhz bu münasibətin nəticəsində Azərbaycan qısa vaxt ərzində dünya birliyində yeri olan inkişaf etmiş qabaqcıl sənaye respublikasına çevrilmişdir.

1970-1985-ci illərdə ulu öndərimizin birbaşa rəhbərliyi və göstərişi ilə fizika-texnika, astronomiya, neft-kimya, neft emalı, kənd təsərrüfatı, ictimai elmlər üzrə bir sıra fundamental və tətbiqi işlər həyata keçirilmiş, kənd təsərrüfatında potensial məhsuldarlığı reallaşdıran fizioloji-genetik əsasların müasir üsullarla öyrənilməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Respublikada kənd təsərrüfatı radiologiyası sahəsində ciddi tədqiqatlar aparılmış, maşınqayırmanın yeni sahələri, kimya, elektrotexnika, radiotexnika sənayesinin, əlvan metallurgiya və s. sahələrin sürətli inkişafına nail olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər indi də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurlu davam etdirilir. Bu siyasət ölkəmizin bütün sahələrinin hərtərəfli inkişafına nail olunmasını və bu məqsədlə bütün qüvvələrin səfərbər olunmasını tələb edir. 11 fevral 2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının inkişafı Dövlət Proqramı” ölkədə qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi inkişafın bütün ölkə ərazisində tarazlığının təmin edilməsi, regionların mövcud potensialında səmərəli istifadə edilməsi, investorların regionlara cəlb olunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Bu proqramın yerinə yetirilməsi regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin inkişafını təmin etmək və ölkədə məşğulluğun səviyyəsini yüksətməyə və əhalini rifah halının yaxşılaşdırılmasına şərait yaradacaqdır. Dövlət proqramı elmi cəhətdən əsalandırılmış prinsiplərə uyğun olaraq hazırlanmış, proqram çərçivəsində regionların təbii resursları və əmək ehtiyatları düzgün qiymətləndirilmişdir.

Bu baxımdan, Azərbaycan alimlərinin iqtisadiyyatın və kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı çoxsaylı tətbiqi xarakter daşıyan elmi işləri vardır ki, onların əksəriyyəti öz tətbiqini tapmamışdır. Bunun əsas səbəbi ictimaiyyətin, sahibkarların və müvafiq təsərrüfat subyektlərinin onlar haqqında xəbərinin olmaması, həmçinin maliyyə çatışmazlığı üzündən istehsal müəssisələrində onların seriyalı istehsalının təşkilinin mümkün olmamasından ibarətdir.

Konkret olaraq, bu gün alimlərimizin “Kükürdsüz dəmir pudrasının alınması üsulu və onu təmin edən qurğu”, “Selin sürətin ölçülməsi üçün qurğu”, “Kərə yağının boyanması üçün təbii rəng”, “ Karbonatlı süxurlardan münbit torpağın alınma üsulu” və s. bu kimi əhəmiyyətli ixtiraları reallaşmamış qalır.

Bu ixtiraların ictimaiyyətə çatdırılması və onların istehsalının təşkili məqsədilə İqtisadi İnkişaf Nazirliyi Milli Elmlər Akademiyası və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə birlikdə “Azərbaycan alimlərinin sosial-iqtisadi inkişafında rolu” mövzusunda elmi-praktiki konfransın keçirilməsi qərarına gəlmişdir.

Tədbir zamanı müvafiq ixtiraların bilavasitə özünün və ya maketlərinin nümayiş olunduğu sərgi müvafiq işlərin əyani şəkildə göstərilməsinə imkan vermişdir.

Bu gün Azərbaycanda mövcud elmi potensial iqtisadi qüdrətimizin daha da artırılmasına, dövlət quruculuğu işinin səmərəli təşkilinə imkanlar yaratmalıdır. Məlum olduğu kimi, ölkənin elm sahəsində 1500-dən çox elmlər doktoru, 8000-dən artıq elmlər namizədi fəaliyyət göstərir və elmin müxtəlif sahələrində uğurlu nəticələrin və iqtisadi səmərəliliyin qazanılması onların elmi yaradıcılıq fəaliyyətinin düzgün istiqamətləndirilməsindən çox asılıdır. Alimlərimizin tam məlumat bankını özündə əks etdirən “Azərbaycan Alimləri Avtomatlaşdırılmış İnformasiya Sisteminin” İqtisadi İnkişaf Nazirliyinin Elmi-Tədqiqat Elmi-texniki İnformasiya İnstitutunda olması da nazirlik tərəfindən öz fəaliyyətində daim elmə əsaslandığını sübut edən amillərdəndir.