İsmayılov Rüstəm Hacıəli oğlu


İsmayılov Rüstəm Hacıəli oğlu 1 iyul 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1967-70-ci illərdə Azərb.SSR EA-nın Prezidenti seçilmişdir.

1961-ci ildə texnika elmləri doktoru, 1962-ci ildə EA-nın akademiki olmuşdur. Azərb.SSR əməkdar elm xadimidir.

İsmayılovun əsas elmi işləri neft kimyasına və neft emalı texnologiyasına aiddir. Respublikanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində İsmayılovun xidməti böyükdür. R.H.İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşdirilməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.

Alim 120 elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifidir.

İsmayılov R.H. 1 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 
 (1909-1972)