Kərimov Mahmud Kərim oğlu

Kərimov Mahmud Kərim oğlu 18 oktyabr 1948-ci ildə Ermənistan SSR, Yerevan şəhərində anadan olmuşdur.

Mahmud Kərimov 1979-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor elmi adını almışdır. 

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Mahmud Kərimovun elmi-təşkilati fəaliyyəti nəticəsində müasir Azərbaycan elmi beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmuş və xarici ölkələrlə əlaqələrini xeyli genişləndirmişdir. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini vermişdir. 

Mahmud Kərimov ictimai fəallığı ilə seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir. Onun Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyəti də təqdirəlayiq olmuşdur. 

Respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlıdır. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilmişdir. 

Mahmud Kərimov nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi-texniki problemlərin həlli baxımından respublikamız üçün böyük əhəmiyyət kəsb edən radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparırdı. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunmuşdur.

Mahmud Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə mühüm layihədə respublika alimlərinin fəal iştirakını təmin etmişdir. Azərbaycanın bir çox nüfuzlu təşkilatda təmsilçisi olaraq o, ətraf mühitin zərərli faktorlarının fizikası və kimyası ilə bağlı mühüm layihələrin gerçəkləşməsində də öz səylərini əsirgəmirdi. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü idi. 

Mahmud Kərimovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapmışdır. O, elmi nailiyyətlərinə görə çoxsaylı patent və müəlliflik şəhadətnamələri almışdır. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Mahmud Kərimov yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində həm elmi rəhbər, həm də müvafiq ixtisaslaşmış şuraların üzvü kimi yaxından iştirak edirdi. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildiyi gündən akademik Mahmud Kərimov ölkəmizdə elmin təşkili və idarə olunması prosesinə başçılıq edərək müstəsna xidmətlər göstərmişdir. O, elmi və elmi-təşkilati fəaliyyəti ilə müstəqillik illərində ölkənin əsas intellektual potensialının cəmləşdiyi Milli Elmlər Akademiyasının respublikanın sosial-iqtisadi inkişafında rolunun artırılmasında, mədəni-intellektual imkanlarımızın genişləndirilməsində xüsusi rol oynamışdır. Onun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturu müasir dövrün tələbləri baxımından modernləşməyə başlamış və təkmilləşdirilmiş, maddi-texniki bazası və kadr potensialı gücləndirilmişdir. 

Akademik Mahmud Kərimovun elmi-təşkilati fəaliyyəti nəticəsində müasir Azərbaycan elmi beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmuş və xarici ölkələrlə əlaqələrini xeyli genişləndirmişdir. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini vermişdir. 

Mahmud Kərimov ictimai fəallığı ilə seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir. Onun Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyəti də təqdirəlayiq olmuşdur.

Akademik Mahmud Kərimovun zəngin elmi və elmi-təşkilati fəaliyyəti layiqincə qiymətləndirilmiş və o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali təltifi olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Kərimov Mahmud Kərim oğlu 2013-cü ildə vəfat etmişdir.

 (1948-2013)