Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  AMEA-nın təsisçiləri

Məmmədəliyev Yusif Heydər oğlu (1905-1961)
Kimyaçı alim Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Təhsilini öncə evdə, sonra isə yeni tipli Ordubad məktəbində almış, 1918-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüş, Rüşdiyyə 7 illik məktəbində təhsilini davam etdirmişdir. O, 1920-ci ildə Naxçıvanda ilk qızlar məktəbinin təməlini qoymuşdur.

Y.Məmmədəliyev 1923-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1924-1926-cı illərdə təbiət elmləri fakültəsində təhsilini davam etdirmişdir. O, 1926-cı ildə Gəncə şəhərinə, 1928-ci ildə isə İrəvan Pedaqoji Texnikumuna müəllimliyə göndərilmiş və 1929-cu ildə Moskva Dövlət Universitetinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra universitetdə qalıb işləmiş, laboratoriyada neft qazlarından qiymətli kimyəvi məhsul alınması prosesinin işlənib hazırlanması və praktik tətbiqində iştirak etmişdir.

1932-ci ildə Mərkəzi Komitənin qərarı ilə Gəncə Kənd Təsərrüfatı Akademiyasının kimya kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrindən laboratoriya müdiri vəzifəsinə kimi yüksələn alim Moskvada çalışarkən neft qazlarından qiymətli kimya məhsullarının alınması istiqamətində tədqiqatlar aparmış, ilk dəfə olaraq neft qazlarından sintetik kauçukun alınması ideyasını irəli sürmüş, 1933-cü ildə “Etil spirtinin neft qazlarından alınması” adlı elmi əsərini nəşr etdirmişdir. 1934-cü ildə Azərbaycanda “Süni kauçukun problemləri” adlı məqaləsini nəşr etdirərək respublikamızda sintetik kauçukun yaradılmasının mümkünlüyünü elmi faktlarla əsaslandırmışdır.

1934-cü ildən Y.Məmmədəliyev Azərbaycan Dövlət Universitetində əvvəlcə dosent, sonra professor, kimya və neft kafedrasının müdiri vəzifələrində işləmişdir.

1938-ci ildə Moskva Dövlət Universiteti tərəfindən Y.Məmmədəliyevə dissertasiya işi müdafiə etmədən kimya elmləri namizədi elmi adı verilmişdir.

1939-1940-ci illərdə Y.Məmmədəliyevin elmi fəaliyyətində hərbi mövzu ilə bağlı işlər ön plana keçir. O, müharibənin əvvəlində tank əliyhinə yandırıcı butulkalar istehsal etmək üçün xüsusi tərkibli maddələr işləyib hazırlamışdır.

1941-ci ilin sonunda SSRİ EA Azərbaycan Filialının nəzdində Ümumittifaq Mərkəzi Texnologiya Şurasının Kimya Problemləri Bölməsi yaradılmış və Y.Məmmədəliyev onun sədri təyin olunmuşdur.

1942-ci ilin sentyabrında, ölkənin ağır və çətin çağlarında Bakıda Y.Məmmədəliyev “Toluol sintezinin aromatik karbohidrogendə alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Y.Məmmədəliyevin metodu ilə toluolun sintezi zamanı yüksək-oktanlı törəmə qatışıq məhsullar – izoparafinlər alınmışdı ki, bu da tanklar və təyyarələr üçün çox gərəkli olan mühərrik yanacaqlarının keyfiyyətinin yüksəldilməsinə imkan verirdi.

Cəbhəni aviasiya yanacağı ilə təmin etdiyinə görə Y.Məmmədəliyev 1942-ci ildə Lenin ordeninə layiq görülmüş, 1945-ci ilin sonunda isə Stalin mükafatı ilə təltif olunmuşdur.

Y.Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, EA Rəyasət Heyətinin üzvü seçilmiş və Akademiyanın Neft İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur. O, Azərbaycanda kimya elmi üzrə ilk akademik olmuşdur. Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunun, Neft-Kimya Prosesləri İnstitutunun, Azərbaycan Dövlət Universiteti neft kafedrasının yaradılması onun adı ilə bağlıdır.

Y.Məmmədəliyev 1958-ci ildə yenidən Akademiyanın prezidenti seçilmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. O, 1958-ci ildə "Üzvi kimya" ixtisası üzrə SSRİ Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.

Y.Məmmədəliyevin dünya elmi qarşısındakı misilsiz xidmətlərindən birini də 1950-ci ildə strateji raketlər üçün yanacaq yaratması təşkil edir.

Y.Məmmədəliyev 1951-1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi olmuş, 1954-1958-ci illərdə isə Bakı Dövlət Universitetinə rektor təyin edilmişdir.

1958-ci ildə yenidən akademik Y.Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasına prezident təyin olunmuşdur.

AMEA Neft-Kimya Prosesləri İnstitutunun təməlini qoyan akademik Y.Məmmədəliyevi nəinki respublikamızda, dünyada “neft kimyasının, neft emalının və üzvü sintezin” banisi, eyni zamanda polimerlər kimyasının yaradıcısı kimi tanınmışdır.

200-dən çox sanballı elmi əsər, 6 monoqrafiyanın müəllifi olan, 36 elmlər doktoru və namizədi yetişdirmiş, ABŞ-da Fransada, İngiltərədə, Polşada, Monqolustanda və digər ölkələrdəki beynəlxalq konfrans və simpoziumlarda vətəninimizi ləyaqətlə təmsil etmiş bu böyük alim, eyni zamanda böyük ictimai xadim idi. O, SSRİ Ali Sovetinin (4-cü çağırış, 1955-1958), (5-ci çağırış, 1958-1961) və Azərbaycan SSR Ali Sovetinin deputatı seşilmişdir.

Kimyaçı alim, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA akademiki və prezidenti, SSRİ EA müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Yusif Məmmədəliyev 1961-ci il dekabrın 15-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.