Vəkilov Səməd Yusif oğlu

    Görkəmli Azərbaycan şairi Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firidun bəy Köçərli Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax Müəllimlər Seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd Vəkilov (1902-1975) da var idi.

Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlamışdır. 1920-1930-cu illərdə şairin səsi ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edirmişdir.

Seminariyada o, ilk şeirlərini qələmə almış və ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunmuşdur.

1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olmuşdur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır.

1934-cü ildə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Təkcə 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. 

1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olmuş, Puşkinin "Yevgeni Onegin" mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin Komitəsinin "A.S.Puşkin medalı" təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir.

1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif" dramını yazmış və bu dramına görə şair 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür.

1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazmış və  1942-ci ildə bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülmüşdür.

Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdır. 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.

Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranmış və bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilmişdir. 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri də Səməd Vurğun olmuş və o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.

1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra "Zəncinin arzuları" poemasını yazmışdır.

Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.

SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdur.

1954-cü ildə Sovet Yazıçılarının İkinci Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" əlavə məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 milyonluq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda "Sovet poeziyası haqqında" məruzə etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.

Dövlət qarşısında böyük xidmətlərinə görə görkəmli sovet və Azərbaycan şairi Səməd Vurğun "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" döyüş medalları ilə təltif olunmuşdur.

Səməd Vurğun 1956-cı il may ayının 27-də vəfat etmişdir. Şair Fəxri Xiyabanda dəfn olunmuşdur.