Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  AMEA-nın təsisçiləri

Hacıbəyov Üzeyir Bəy Əbdülhüseyn oğlu (1885-1948)
Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşanın Ağcabədi kəndində anadan olmuşdur. Uğaqlıq, ilk gənclik illəri Şuşada keçmiş, ilk təhsilini də burada almışdır.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir.

Ü.Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almış, seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir.

Ü.Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demişdir. O, Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq “Həyat” qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan “İrşad” qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir. Rus yazıçısı Nikolay Qoqolun “Şinel” povestini Azərbaycan dilinə tərcümə etmişdir.

Ü.Hacıbəyov 1908-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.

Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır.

1911-ci ildə Ü.Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunmuşdur.

Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir.

Ü.Hacıbəyov 1913-cü ildə Peterburq konservatoriyasında təhsil almışdır. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır.

Ü.Hacıbəyov 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivini yaratmışdır.

O,1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında "Koroğlu" operası ilk dəfə tamaşaya qoyulmuş və  elə həmin il Ü.Hacıbəyov "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülmüşdür.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ EA Azərbaycan Filialı Azərbaycan SSR EA-ya çevrildi. Həmin il Azərbaycan SSR EA-ya 15 həqiqi üzv seçilmişdir. Onun ilk heyətində Ü.Hacıbəyov da var idi. Azərbaycan EA İncəsənət İnstitutu 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Ü.Hacıbəyov tərəfindən yaradılmış və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlandırılmışdır. 1945-1948-ci illərdə bu institutun direktoru Üzeyir bəy olmuşdur.

Ü.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas -alimdir.

Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır.

Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbay-can Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948), Azərbaycan SSR-in himni və Azərbaycan Respublikası himninin müəllifidir.

Üzeyir Hacıbəyov 22 noyabr 1948-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlanmışdır.