Paton Boris Yevgenyeviç


Paton Boris Yevqenyeviç 1918-ci il no­yabrın 27-də Kiyev şəhərində (Ukrayna) ana­dan olmuşdur. Ukrayna SSR Elmlər Akade­miyasının müxbir üzvü (1951), həqi­qi üzvü (1958), SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1962) seçilmişdir.

Kiyev Sənaye İnstitutunu elektro­tex­ni­ka ixtisası üzrə bitirdikdən (1941) son­ra Qorki şəhərində “Krasnoye Sormovo” zavodu­nun Elektrotexnika laboratoriya­sında mühən­dis işləməyə başlamış, 1942-ci ildə Nijni Taqildəki Ural vaqon zavo­dunda fəaliyyət göstərən Elektrik-Qaynaq İnsti­tutuna keçmişdir. Həmin dövrlər­də institutun əməkdaşları işlənilmiş flyus altında qaynağın öyrənilməsi ilə məş­ğul olurdu. B.Paton bu institutda elmi işçi, böyük elmi işçi (1942-1945), bölmə rəhbəri (1945-1950), elmi işlər üzrə direktor müavini (1950-1953) olmuş, 1953-cü ildən direktordur. 1962-ci il­dən Ukrayna Milli Elmlər Akademiyasının Prezi­dentidır.

B.Patonun əsas elmi istiqaməti və nailiyyətləri flyus altında avtomatik və yarımavtomatik qaynağın aparılması, qövs şəkilli avtomatik qaynağın təd­qiqi, qövs şəkilli qaynaq üçün avtomat, qaynaq robotlarının, kibernetik qurğu­ların yaradılması və yeni metal maddələrin alınması ilə bağlıdır. O, dəyişən cərəyan mənbəli ilk portativ qaynaq avtomatının, qoruyucu qaz mü­hitində qay­naq üçün yarımavtomatların müəlliflərindən biridir.

Onun rəhbərliyi altında qaynaq transformatorlarının tədqiqi və yara­dıl­ması sahəsində tədqiqatlar aparılmış və güclü avtomat qurğular yaradlmış, flyus altın­da yüksək məhsuldar avtomatik qaynaq prosesi tədqiq edilmiş, qaynaq metal­lurgiyası nəzəriyyəsinin əsasları yaradılmış, müxtəlif təyinatlı flyuslar iş­lənmiş, ərintili flyusların yeni texnologiyası və güclü istehsal sa­həsi yaradılmış­dır. Müx­təlif fəza vəziyyətlərində yerləşən qovşaqların flyus altında qövs qay­nağı pro­se­sinin işlənməsi tikinti meydanlarında qaynaq işlə­rinin av­to­matlaş­dı­rılma­sına imkan vermiş, boru kəmərlərinin, körpülərin, gəmi göv­də­lərinin qay­na­ğının və s. iri proseslərin avtomatlaşdırılmasına im­kan yarat­mışdır. Tozvari məftillə qay­naq, elektroşlak qaynağı, aşağı toksik­liyə malik elektrodla qaynaq, su altında qaynaq, lazer şüası ilə qaynaq və s. sahələrdə pioner işlərin müəllifidir.

20 monoqrafiyanın, 400-dən artıq ixtiranın və 1000-dən artıq elmi əsərin müəllifidir.

1943-cü ildə yeni texnologiyanın tətbiqinə görə “Qırmızı Əmək Bay­rağı” or­deni ilə təltif olunmuşdur. 1994-cü ildən indiyə kimi Elmlər Akade­miyalarının Beynəlxalq Assosiasiyasının (MAAN) Prezidentidir. Roma klu­bunun fəxri üzvü­dür. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1978), Uk­ray­nanın Qəhrəmanı (1998), dörd dəfə Lenin (1967, 1969, 1975, 1978), Ok­tyabr İnqilabı və başqa ordenlərlə, həmçinin M.V.Lomonosov adına (1981), S.İ.Va­vilov adına (1981), S.P.Korolyov adına (2003), Yan Çoxralski adına qızıl me­dallarla təltif edilmiş, SSRİ Nazirlər Kabinetinin (1988), Ukrayna SSR Nazir­lər Kabinetinin (1968), “Triumf” (Rüssiya 2004), “Qlobal Enerji” (2010) və başqa mükafatlara layıq görülmüşdür.

B.Paton 2002-ci il mayın 22-də Azərbaycan MEA-nın fəxri (xarici) üzvü seçilmişdir.