Rəfsəncanı Əli Əkbər Haşimi (1934-2017)

Əli Əkbər Haşəmi Rəfsəncani 1934-cü ildə İranın Cənub-Şərqində yerləşən (Rəfsəncan əyalətində) Nuqa şəhərində anadan olmuşdur. Onun atası - Mirzə Əli ölkədə ən böyük püstə plantasiyalarının sahibi idi. Əli Əkbər atasından irsən iki mühüm sənətə - dini və kommersiya sənətinə yiyələnmişdir.

Altı yaşında ikən Əli Əkbər məktəbə daxil olur. 1848-ci ildə valideynlərinin evini tərk edərək, möhtəşəm Fəyziyyə mədrəsəsi yerləşən, bütün şiə müsəlmanlarının müqəddəs saydığı Qum şəhərinə yollanır. Rəfsəncani hələ o vaxtlar imam kimi hörmət qazanmayan Ruhulla Musəvi Xomeynini özünə müəllim seçdi. O vaxtdan etibarən Rəfsəncaninin dini, sonra isə siyasi karyerası qırılmaz surətdə Xomeyni ilə bağlı olmuşdur. O, inqilabi hərəkatda aparıcı rol oynamış bir çox insanlarla, eyni zamanda Xomeyninin rəsmi davamçısı təyin olunmuş Ayətolla Hüseyn Əli Montəzəri ilə tanış olmuşdur.

50-ci illərin əvvəllərində Rəfsəncani ilk dəfə olaraq şah rejiminə qarşı mübarizəyə qoşulur. 10 ildən sonra ölkədə iqtisadi vəziyyətin kəskinləşməsi və artmaqda olan iqtisadi böhrana görə Məhəmməd Rza Pəhləvi şah rejimi ölkədə "bəyaz inqilab" adı altında sosial-iqtisadi islahatlar keçirdi. Onlardan bir qismi müsəlman dindarların hökmranlığına son qoydu. Əli Əkbərin dini rəhbəri Ayətolla Xomeyninin Qumda qaldırdığı üsyan yatırıldı. Onun təşkilatçılarını ölkədən xaric etdilər. Ayətollanın şagirdlərini isə, Rəfsəncani də daxil olmaqla, həbs etdilər. O vaxtdan başlayaraq, Rəfsəncani dörd dəfə həbs edilmiş, işgəncə və təhqirlərə məruz qalmışdır, lakin bununla belə o, bütün əzablara dözərək öz müəlliminə sadiq qalmışdır. Gizli fəaliyyəti dövründə özünün müqayisə edilməz təşkilatçılıq qabiliyyətini göstərən Rəfsəncani xalqın hörmətini qazanmışdır.

O, dini zəmində kitablar nəşr edən nəşriyyat yaratmışdır. Ümumiyyətlə, o, İsrail ilə sıx əlaqə saxlayan şah rejimi dövründə qadağan olunmuş mövzuya - Fələstin probleminə həsr olunmuş kitab yazmışdır. Sonralar seçkilər zamanı, o öz manifestində ölkənin inkişafı üçün təhsilin, tərbiyənin, elmin və texnikanın vacibliyini qeyd etmişdir: "Yalnız kosmik səviyyədə olan elm və texnika bizim problemlərimizi həll edə bilər! Xalq elə düşünməməlidir ki, bu uzaq gələcəyin dəbdəbəsidir. Xeyr, biz bütün dəqiqliyi ilə görməliyik ki, bütün bunlar bizə bu gün xeyir verir".   1989-cu ilin 28 iyulunda Haşəmi Rəfsəncani prezident seçildi. Qərblə münasibətləri yaxşılaşdırmaq uğrunda çalışdığı üçün o həmişə mötədil-praqmatik sayılmışdır. Dövlət başçısı olduqdan sonra, o bu xətti fəal surətdə həyata keçirməyə başladı. Millətpərəst, alim və siyasətçi olan  Əli Əkbər Haşəmi Rəfsəncani əsrlər boyu İslam ruhunda formalaşmış iranlının etalonu sayıla bilər.