Məmmədov Firudin İbrahim oğlu

Məmmədov Firudin İbrahim oğlu 1936-cı il iyulun 1-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Qırmızı Əmək Bayrağı ordenli M.Əzizbə­yov adına Azərbay­can Sənaye İnstitutunu bitirmişdir (1958). Texnika üzrə fəl­səfə doktoru (1967), tex­nika üzrə elmlər doktoru (1993) elmi dərəcəsini, pro­fessor (1995) elmi adını almış, 2001-ci ildə AMEA-nın müx­bir üzvi seçilmişdir.

“Neftkimyaavtomatika” ETLİ-də laborant, texnik, mühəndis, baş mü­həndis, baş elmi işçi vəzifələrində çalışmış (1958-1968), Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, dosent, dekan, kafedra müdiri (1968-1993) olmuş, 1993-cü ildən Sumqayıt Dövlət Universitetinin kafedra müdiri olmuşdur.                 

F.Məmmədovun elmi tədqiqatları əsasən informatikanın texniki vasi­tələ­ri­nin yaradılmasına həsr olunmuşdur. O, qeyri-elektrik kəmiyyətlərin öl­çülməsi üçün yaradılmış bütöv nüvəli elektromaqnit tipli vericilərin nəzəri əsaslarını işləmiş­dir. Elektromaqnit vericili lokal informasiya-ölçmə sistem­ləri, dərinlik nasosla­rı­nın teledinamometrləşdirilməsinin yeni sistemləri, çox­ölçülü Laplas çevirmələ­rinin dəyişən induktivli parametrik çeviricilərin təd­qiqinə tətbiqi və s. sahələrdə apardığı nəzəri tədqiqatlar əsasında alınmış nə­ticələr dəniz qurğuları dayaqla­rı­nın katod mühafizəsinin avtomatlaşdırılma­sın­da, Sumqayıt şüşə istehsalı zavo­dunda şüşənin qalınlığının avtomatik ölçülməsində, dərinlik nasoslarının texno­loji parametrlərinin ölçülməsində, xlor istehsalında və saxlanılmasında aqressiv mühitdə texnoloji parametr­lə­rin ölçülməsində, şinlərin yüksək cərəyanların öl­çülməsində, rejimlərin opti­mallaşdırılmasında, Sumqayıt alüminium və boruqa­yır­ma zavodlarında avto­matlaşdırılmış istehsal xətlərində və robototexniki komplekslərdə metal mə­mulatlarının mövcudluğunun təyin edilməsində, Şəki ipək kombinatında parça istehsalı qurğusunda temperaturun ölçülməsi və tən­zimlənməsində tətbiq olunmuşdur.

F.Məmmədov 34 ixtiranın, 254 elmi əsərin müəllifidir. Rəhbərliyi altın­da 1 elmlər dok­toru, 15 fəlsəfə doktoru hazırlanmışdır.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olun­muş­dur(2006), Azərbaycan Respublikasının Əməkdar elm xadimidir (2007).

F.Məmmədov 8 iyun 2017-ci ildə vəfat etmişdir.

(1936-2017)