Abasov İsmayil Teymur oğlu

Abasov İsmayıl Teymur oğlu 1922-ci il avqustun 21-də Bakı şəhərində anadan olmuş­dur. Azərbaycan Tibb İnstitutunu (ATİ) bitir­miş­dir (1943).

Tibb üzrə fəlsəfə doktorluğu (1954) və elmlər doktorluğu (1966) dissertasi­yalarını müdafiə etmişdir. Professor (1967) elmi adını almış, Azərbaycan SSR Elmlər Akademiya­sının müxbir üzvü (1989) seçilmişdir.

İ.T.Abasovun əmək fəaliyyəti ərzində II Dünya müharibəsi za­manı ordu sırala­rında alay həkimi (1943-1946); ATİ-də Terapevtik kafedra­da ordinator (1946-1950), professor (1967); ET Rentgenologiya, radiologiya və onko­logiya İnstitu­tun­da Tera­piya şöbəsinin müdiri (1949-1968); ET Qastroen­te­rologiya İnstitu­tun­da Te­ra­pevtik şöbənin müdiri (1988-2001), elmi məslə­hə­t­çi (2001-2006) vəzifə­lərində çalışmışdır.

İ.T.Abasovun elmi və həkimlik fəaliyyəti çoxsahəli olmuşdur. O, hemato­logiya, onkologiya, qastroenterologiya sahəsində bir sıra fundamental tədqi­qatlar apar­mış və tibb elminə mühüm nəticələr vermişdir. Mədə xəstəlik­lərinin diaqnostika­sında mədə şirəsində sərbəst amin turşularının xromoto­qrafik analizini, yoğun bağırsağın xərçəngi və başqa patologiyaların diaqnos­tikasında qələvi fosfataza, enterokinazanın müayinəsinin əhəmiyyətini, həm­çinin mədə­altı vəzi, mədə, qara­­­­ciyər və öd yolları xəstəliklərində mədəaltı vəzinin xarici sekretor funksiya­sını tədqiq etmişdir. O, mədə və 12-barmaq bağırsaq xorası­nın mədəaltı vəziyə keçməsinin laborator diaqnostikası meto­dunun müəllifidir. O, ilk dəfə qara ciyə­rin müxtəlif xəstəliklərində brom­sul­falein vasitəsilə bu orqanın ekssekretor funksiyasını müəyyən etmiş, Azər­baycanda mədə, öd kisə­si və öd yolları, bağır­saq xəstəliklərinin epidemio­logiyası üzrə tədqiqatlar apar­mışdır.

Müxbir üzv İ.T.Abasovun elmi fəaliyyətinin nəticələri respublikada və xaric­də çap olunmuş 300-dən artıq elmi əsərdə, həmçinin 15 monoqrafiyada öz əksini tapmışdır. Onun elmi rəhbərliyi altında 2 elmlər doktorluğu və 6 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur.

Alim Ümumittifaq Qastroenteroloqlar və Terapevtlər Cəmiyyətinin idarə heyətinin üzvü (1976), SSRİ TEA-nın Qastroenteroloji problemlər üz­rə komis­siyasının üzvü (1980-2008), Respublika Səhiyyə Nazirliyinin Elmi tibb Şurası­nın Rəyasət Heyətinin üzvü (1968), Nazirliyin Baş qastroen­te­ro­loqu (1970), Azərbaycan Qastroenteroloqlar Cəmiyyətinin (1970-2008) üzvü olmuşdur.

İ.T.Abasovun müharibədə iştirakı və elmi-həkimlik fəaliyyəti dövlət tərəfin­dən yüksək qiymətləndirilmişdir. O, I və II dərəcəli “Vətən müha­ri­bəsi” (1944, 1945), “Qırmızı ulduz” (1946) orden­ləri, “Döyüş cəsarətinə görə” (1944), “Almaniya üzə­rində 1941-1945-ci illərdə qələbə” (1945) və s. medallarla təltif olunmuş, Əməkdar elm xadimi (1984) və Azərbaycan SSR Dövlət Mükafatı lau­reatı fəxri adlarına layiq görülmüşdür.

Müxbir üzv İsmayıl Abasov 2006-cı ildə Bakıda vəfat etmişdir.

               (1922-2006)