Aslanov Səlvər Riza oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Səlvər Riza oğlu Asla­nov 1930-cu il oktyabrın 11-də anadan olmuşdur. 1954-cü ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək 1960-cı ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə AEA-nın müx­bir üzvü seçilmişdir.

S.Aslanov 1955-1956-ci illərdə res­­pub­lika və ittifaq miqyasında müxtəlif vəzi­fələrdə çalışmışdır. O, 1966-1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitu­tunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru olmuşdur. 1973-1998-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) əvvəlcə professoru, kafedra müdiri vəzifələrində çalışmış, daha sonra həmin institutun rektoru vəzifəsinə təyin edilmişdir.

S.Aslanov 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akade­miya­sının Milli Müna­si­bət­lər İnstitutunun baş elmi işçisi olmuşdur.

S.Aslanov Sovet dönəmində Azər­bay­­canda sənayeinin inkişaf prob­lem­lə­ri­ni, milli respublikalarda sənayeləşmənin so­sial nəticələrini və bütün­lükdə qeyd olunan dövr­də sənayenin inkişaf tarixini geniş və hər­tə­rəf­li tədqiq etmişdir.

S.Aslanovun Azərbaycanda sənayenin inkişa­fı­na həsr olunmuş cox­saylı və sanballı elmi təd­qiqat işləri nəşr olun­muş­dur.

S.Aslanovun yüksəkixtisaslı tarixçi alim­lərin yetişdirilməsində də misil­siz xid­mət­ləri olmuşdur. Onun rəhbərliyi altında onlarla elmlər nami­zədi və elmlər doktorluğu üzrə dissertasiyalar müdafiə olunmuşdur.

S.Aslanov Azərbaycan Dövlət Pe­da­qo­ji İnstitutunda tarix ixtisası üzrə İx­ti­saslaşmış Müdafiə Şurasının sədri, Azərbaycan Dövlət Universite­tində (hazırda Bakı Dövlət Universiteti) isə tarix ixtisası üzrə İxtisaslaşmış Müdafiə Şurasının üzvü olmuşdur.

S.Aslanov həmçinin, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyində Tədris-me­to­diki şuranın, Sovet Sosioloqlar Assosiasiyasının və SSRİ Jurna­list­lər İttifaqı­nın üzvü olmuşdur.

Y.Məmmədəliyev adına mükafatın laureatı olmuş S.Aslanov "Şərəf nişanı" ordeni, eləcə də bir sıra orden və medallarla təltif olunmuşdur.

S.Aslanov 1963-1967-ci illərdə Azərbay­can SSR Ali Sovetinin və 1991-1995-ci illər­də Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü S.Asla­nov 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. 

 (1930-2001)