Cavadov Mais Həbib oğlu

Cavadov Mais Həbib oğlu 1929-cu il martın 22-də İsma­yıllı rayonunun Basqal kəndində anadan ol­muş­dur. 1952-ci ildə Azərbaycan Dövlət Uni­versitetini bitir­mişdir.

1958-ci ildə fizika-riyaziyyat üzrə fəl­səfə doktoru, 1966-cı ildə fizika-riya­ziyyat üzrə elm­lər doktoru elmi dərəcələrini almışdır. 1989-cu ildə AEA-nın müxbir üzvü seçil­mişdir.

1952-1969-cu illərdə AEA Fizika və Riyaziyyat İnstitutunda əyani aspirant, böyük elmi işçi, şöbə müdiri olmuş, 1969-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsində işləmişdir.

M.Cavadov ilk dəfə adi diferensial operatorların məxsusi və qoşulmuş funk­siyalarının bir hissəsinin tamlıq məsələsini həll etmişdir. Universal cəbr sahə­sində kəsişməyə ayrılmayan yarımqrup çoxobrazlıların sintaktik təsvi­rini ver­miş (Evans problemi), cəbri sistemlərin aksiomlaşdırılmış siniflərində üç növ qeyri-standart alt dekart təsvirləri üçün ayrılışlara aid klassik Birkhof teoremi­nin analoqunu almış, bütün yarımqrup çoxobrazlıların termal və poli­nominal ranqlarını tapmış, sonlu qrupoidlərin monounar primallaşması haq­qında Kno­bel problemini həll etmişdir. İsbatlar nəzəriyyəsinin köməyilə biqa­palı və sim­metrik monoidal qapalı kateqoriyalarda kanonik morfizmlərin bəra­bərliyi üçün alqoritmlər vermiş, dekartqapalı və biqapalı kateqoriyalar üçün Makleyn mənada koherentlik teoremlərini, topoloji fəza­ların və nizamlı çox­luqların morfizmlər cəbrləri ilə xarakterizə olunması haqqında Kolmoqorov-Qelfand tipli teoremləri isbat etmişdir. Kiçik para­metr­dən asılı cırlaşan bihar­mo­nik tən­lik və ikitərtibli elliptik tənliklər üçün xüsusi oblastlarda sərhəd mə­sələlərinin həllərinin asimptotikasını tədqiq et­miş, öz-özünə qoşma olmayan cüt tərtibli adi törəməli diferensial opera­tor­ların məxsusi və qoşulmuş funk­siyalar sinfinin yarısının tamlığını isbat et­miş­dir. Operatorlar dəstəsinin məx­susi və qoşulmuş elementlərinin çoxqat tamlığını, ümumi şəkildə verilmiş para­bolik və hiperbo­lik tənliklər üçün qa­rışıq məsələnin ümumiləşmiş funk­siyalar sinfində həll edilə bilməsini gös­tərmişdir.

M.Cavadov 40-dan artıq elmi əsərin müəllifidir. 20-dən artıq fəlsəfə dok­toru hazırlamışdır.

1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Mais Cavadov 1992-ci ildə Bakıda vəfat etmişdir.

(1929-1992)