Cəfərov Faiq İlahi oğlu

Cəfərov Faiq İlahi oğlu 20 yanvar 1940-cı ildə Qərbi Azərbaycanın Zəngəzur maha­lının Nüvədi kəndində anadan olmuşdur.

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakül­təsini fərq­lənmə diplomu ilə bitirmişdir (1963).

F.Cəfərov fəlsəfə (1967) və elmlər dok­torluğu (1990) dissertasiyalarını mü­da­fiə et­miş, pro­fes­sor elmi adına (1991) layiq görül­müşdür.

Azərbaycan Milli Elmlər Akademi­ya­sı­nın müxbir üzvü seçilmişdir (2001).

F.Cəfərov əmək fəaliyyətinə Azərbaycan Tibb Universitetinin Nor­mal fizio­lo­giya kafedrasında başlamış, kafedranın aspirantı, assistenti, dosenti (1963-1991) vəzifələrini yerinə yetirmış, həmçinin ATU-nun əmək­daşlarının Həmkar­lar İttifaqı Komitəsinin büro üzvü (1978-1993), Normal fiziologiya kafedrasının müdiri (1991-2008), I müalicə-profilaktika fakültə­sinin dekanı vəzifələrində (1993-1995) çalışmışdır.

Müxbir üzv F.Cəfərovun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif bioloji keyfiyyətli motivasiya və emosiyaların mərkəzi və periferik mexa­nizmlərində neyropeptidlər və mediatorların fizioloji rolunun araşdırılması təşkil etmişdir.

F.Cəfərovun elmi tədqiqat işlərinin nəticələrinə dair məlumatlar Kem­bric Universitetinin “XX əsrin elm xadimləri” məcmuəsində işıqlandırıl­mışdır.

F.Cəfərov 200-ə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 2 dərsliyin, 4 dərs vəsaitinin, 10-dan artıq metodik göstərişin, 4 səmərələşdirici təklifin, həm­çinin “İnsan fiziologiyası”. “Fizioloji terminlər lüğəti”. “Aclıq və susuzluğun mexa­nizmləri” adlı kitabların müəllifi olmuşdur.

F.Cəfərov Amerika Birləşmiş Ştatlarında, Yaponiyada. Rusiya Fede­ra­siyasın­da, Türkiyədə, Hollandiyada, İranda, İsveçrədə keçirilən beynəl­xalq konqres və konfranslarda elmi məruzələrlə çıxışlar etmiş, həmin ölkə­lərin elmi məcmuə­lə­rində elmi işlər çap etdirmiş, onun rəhbərliyi altında 5 fəlsəfə dok­toru disser­tasiyası müdafiə olunmuş, elmi məsləhətçiliyi ilə 1 elmlər doktorluğu disserta­siyası üzərində iş aparılmış, dissertasiya işi alimin ölü­mün­dən sonra müdafiə edilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attes­tasiya Komissiyası tərəfindən təsdiq olunmuşdur.

Müxbir üzv F.Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının aka­demik A.Qarayev adına Fiziologiya İnstitutunun İxtisaslaşdırılmış müdafiə şurasının sədr müavini (1991), Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının, fakültə elmi şurasının və Nəzəri fənlər üzrə Problem komissi­ya­sının, Azərbay­can Respublikasının Prezidenti yanında Ali Attestasiya Ko­mis­siyasının “Biolo­giya və kənd təsərrüfatı” bölməsi üzrə ekspert şurasının (1993-1994), Beynəl­xalq Bio­qrafik Assosiasiyasının (2001) üzvü, həmçinin Azərbaycan Fizioloqlar Cəmiyyəti­nin vitse-prezidenti, MDB ölkələrinin Fizioloqlar Cəmiyyətinin (1999) və Avropa Neyrokimya Cəmiyyətinin üzvü olmuşdur (1998).

F.Cəfərov respublikanın Əməkdar müəllimi fəxri adına (2001) layiq görül­müşdür.

AMEA-nın müxbir üzvü Faiq Cəfərov 2008-ci il yanvarın 30-da Bakıda vəfat etmişdir. 

  (1940-2008)