Cəfərov İsgəndər Həsən oğlu

Cəfərov İsgəndər Həsən oğlu 1940-cı il dekabrın 30-da İmişli rayonunda ana­dan olmuş­dur. Azərbaycan Dövlət Universitetini bitirmiş­dir (1962). Fəlsəfə dok­toru (1966), elm­lər dok­toru (1979) elmi dərəcəsini, professor (1979) el­mi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Azərbaycan Politexnik İnstitutunda baş müəllim (1966-1969), AEA Fizika İns­titu­tun­da böyük elmi işçi, laboratoriya müdiri (1969-1985), Naxçıvan Dövlət Pe­daqoji İnstit­utunda rektor (1985-1989), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan (1989-1996), Nəzəri fizika kafedrasının müdiri (1996-2015) vəzifə­lərində çalışmışdır.

İ.H.Cəfərov nəzəri fizika sahəsində mütəxəssis olmuş, tədqiqatları ele­men­tar zərrəciklər və onların qarşılıqlı təsiri nəzəriyyəsinə həsr olunmuşdur. Ele­men­tar zərrəciklərin zəif və vahid elektrozəif qarşılıqlı təsirlərinin bir sıra modelini irəli sürmüş, bu qarşılıqlı təsirlərlə şərtlənən çoxlu sayda prosesin ehtimal və effektiv kəsiklərini hesablamış, zərrəciklərin qarşılıqlı təsirlərinə çox həssas olan bir sıra effektlər tapmışdır. Dördkomponentli neytrino sxemi üzrə lepton­ların  simmetriya qrupuna əsaslanan vahid elektro­zəif qarşılıqlı təsiri nəzəriyyəsini yaratmışdır.

Elektron və pozitron dəstələrinin toqquşması zamanı baş verən müx­təlif annihilyasiya proseslərinin effektiv kəsiklərini və müxtəlif xarakteristi­ka­larını hesablayaraq, alınan ifadələri ətraflı tədqiq edərək, təbiətdə e–µ–τ – uni­ver­sallığının mümkün pozulmasının aydınlaşdırılması, Hiqqs bozonunun mü­şahi­dəsi, təbiətdə mövcud olan neytrino növlərinin sayının müəyyənləşdi­ril­məsi, ulduzların şüalandırdığı neytrinoların miqdarının müəyyən­ləşdirilməsi yollarını göstərmiş və hər bir halın təcrübədə öyrənilməsi üçün konkret üsullar irəli sürmüşdür.

İ.Cəfərov 173 elmi əsərin müəllifidir. Rəhbərliyi altında 6 fəlsəfə doktoru,     2 elm­lər doktoru hazırlanmışdır.

Əməkdar elm xadimi (2012) adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü İsgəndər Cəfərov 2015-ci ildə Bakıda vəfat etmişdir.