Əfəndiyev Fuad Ələddin oğlu

Əfəndiyev Fuad Ələddin oğlu 1909-cu il fevralın 23-də Tiflis quberniyasının Axalt­six qəzasının Atsxuri kəndində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Univer­site­tinin Tibb fakültəsini bitirmişdir.

F.Əfəndiyev fəlsəfə (1934) və elmlər doktorluğu (1942) dissertasiyalarını mü­da­fiə etmiş, pro­fessor elmi adına layiq görül­müş­dür.

Azərbaycan SSR Elmlər Akademi­yası­nın müxbir üzvü (1959) seçilmişdir.

F.Əfəndiyev Azərbaycan Dövlət Tibb İnstitutunun 2-ci fakültativ cər­rahiyyə (in­diki Cərrahi xəstəliklər) kafedrasının müdiri (1944-1963), ET Hematologiya və Qan­köçürmə İnstitutu direktorunun müavini (1960), Res­publika Qanköçürmə stan­si­yasının direktoru, Elmi Tədqiqat Vərəm İnstitu­tunun Ağciyər cərrahiyyəsi şöbə­sinin müdiri, Azərbaycan SSR Səhiyyə Nazir­liyinin baş cərrahı (1943-1952), 4-cü Baş İdarəsi Cərrahiyyə şöbəsinin müdiri (1946-1963) olmuşdur.

F.Əfəndiyev döş qəfəsi cərrahiyyəsi, ürək cərrahlığı və qanköçürmə sahəsində beynəlxalq miqyasda tanınan görkəmli alimlərdən olmuşdur. Onun elmi fəaliyyə­tinin əsas istiqamətini döş qəfəsi xəstəliklərinin müalicəsi və cərrahlığı, hematolo­giya, qanköçürmə, qanın laxtalanması problemlərinin tədqiqi təşkil etmişdir. O, həmçinin ağciyər vərəminin cərrahi müalicəsi, plev­ranın empiyeması, ağciyərlərin irinli iltihabı proseslərinin müalicəsi ilə məşğul olmuşdur. Rəhbərliyi altında Azər­baycanda ilk dəfə ürək cərrahiyyə­sinin, cərrahi hematologiyanın, anesteziologiya­nın, eksperimen­tal cərrahiy­yə­nin əsası qoyulmuş və sonralar bu sahələr ayrı-ayrı elmi tədqiqat ins­titutları kimi inkişaf etdirilmişdir. Onun tərəfindən plevra boşluğunda qanın infeksi­ya­laşmasını asanlıqla təyin etməyə imkan verən orijinal üsul təklif edilmişdir. Bu üsul SSRİ-də və beynəlxalq miqyasda “Əfəndiyev sınağı” kimi tanınmışdır. Alim ağciyər əməliyyatlarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaratmış, hema­toraksin ekspres üsulla müalicəsinin mümkün olduğunu göstərmişdir.

F.Əfəndiyev 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, dərslik və dərs vəsaitləri­nin, elmi-metodik göstərişlərin, ixtira və səmərələşdirici tək­liflərin müəllifi olmuşdur. Onun məsləhətçiliyi və rəhbərliyi altında 9 elmlər, 14 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. F.Əfəndiyev dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq qurultay, konfrans və simpoziumlar­da məruzə­lər­lə iştirak etmiş, xarici mətbuatda çox sayda məqalələri çap edilmişdir.

F.Əfəndiyev Hematoloqların Beynəlxalq Cəmiyyətinin, Beynəlxalq Cərrahlar Asso­­­siasiyasının üzvü olmuş, iki dəfə Bakı Şəhər Sovetinin, 4 ca­ğırış Azərbaycan Res­publikası Ali Sovetinin deputatı seçilmiş, Respublika­nın Əməkdar həkimi, Əmək­dar elm xadimi fəxri adlarına layiq görülmüş, “Qırmızı Ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Qafqazın müdafiəsi uğrunda”, “1941-1945-ci illərdə Böyük Vətən müha­ribəsində fədakar əməyə görə” medalları və “SSRİ Səhiyyə Əlaçısı”, “SSRİ Sanitar Mü­da­fiə Əlaçısı” döş nişanları ilə təltif edilmişdir. F.Əfəndiyevin monoqrafiya şəklində dərc olu­nan elmlər doktorluğu dissertasiyası, eləcə də bö­yük nəzəri və praktiki əhəmiy­yətə malik olan hematorakslar zamanı təklif etdiyi “ekspress” metod SSRİ Tibb Elmləri Akademiyası tərəfindən “Akademik N.N.Bur­denko adına mükafata” (1949) layiq görülmüşdür.

F.Əfəndiyev Moskvadan Azərbaycana gəlmiş akademik Petrovski ilə birgə xəstə üzərində ağır ürək əməliyyatı apararaq daha bir xəstəni ölümdən qurtarmış, lakin təəssüf ki, elə həmin gün – 1963-cü il sentyabrın 20-də böyük alimin özü qəflətən vəfat etmişdir.

 (1909-1963)