Əlizadə Elbrus Kərim oğlu

E.Əlizadə 1957-ci il martın 4-də Ağdaş rayo­nu­nun Aralbir kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universite­tinin (in­diki Bakı Dövlət Uni­ver­siteti) Geo­logiya-coğrafiya fakültəsini bitirmişdir.

E.Əlizadə 1984-cü ildə coğrafiya üzrə fəlsəfə dok­toru, 2004-cü ildə coğrafiya üz­rə elmlər dok­toru elmi dərəcələrini, 2014-cü ildə pro­fes­sor elmi adını almış, 2014-cü ildə AMEA-nın  müxbir üzvü seçilmişdir.

E.Əlizadə təyinatla Azərbaycan EA-nın Coğrafiya İnstitutuna gön­də­ril­miş, orada Aerokosmik metodların coğrafi tədqiqatlara tətbiqi laborato­ri­­ya­sına işə qəbul olunmuş, kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, 2012-ci ildən Landşaftşünaslıq və landşaft plan­laşdırıl­ması şöbəsinin müdiri vəzi­fələrində işləmişdir.

2013-cü ildən akad. H.Ə.Əliyev adına Coğ­rafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasının Yer elmləri ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur.

E.Əlizadə coğrafiya elminin bir çox sahələri üzrə apardığı tədqiqat­larda mühüm nailiyyətlər qazanmışdır. Onun elmi fəaliyyətinin əsas istiqa­mə­tini Azərbaycanın dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materialların deşif­rə­lənmə materiallarının tətbiqi ilə tədqiqi, kosmik şəkillərin struktur-geomorfoloji deşifrə­lən­mə metodlarının işlənilməsi, geo­morfoloji risk­lərin qiymətləndirilməsi, geodi­namik-gərgin ərazilərin öyrə­nil­məsi, Böyük və Kiçik Qafqaz dağları geosis­tem­lərinin ekogeomorfoloji tədqiqi, müasir dağ ekegeokomplekslərinin formalaş­ma­sına kompleks endo-ekzodinamik amillərin təsir dərəcələrinin müəyyən edil­məsi, landşaft-eko­loji şəraitin tədqiqi, ölkə ərazisinin iri miqyaslı landşaft- geomor­foloji xəri­tə­ləş­dirilməsi, dağlıq ərazilə­rin landşaftlarının diferensiasiya və transfor­ma­si­yasının öyrənilməsi, Xəzər dənizi sahil geokomplekslərinin müasir qlobal iqlim dəyişiklikləri şəraitində səhralaşma prosesinə məruzqalma xüsusiy­yət­lərinin araş­dırılması təşkil etmişdir.

E.Əlizadə 190-dan artıq elmi və elmi-pedaqoji əsərin, o cümlədən 2 mo­noqra­fiya, 2 kitab, 120 məqalə, 2 dərslik, 3 dərs vəsaiti, bir neçə xəritə və 60-dan artıq el­mi-metodiki vəsaitin müəllifidir. 50-dən çox əsəri xaricdə, nüfuzlu elmi jurnal­lar­da çap olunmuşdur. Tez-tez çoxsaylı beynəlxalq kon­frans, simpo­zium və konqres­lərdə mə­ruzələrlə çıxış etmişdir. Bir neçə beynəl­xalq və respublika qrant layihələrinin qalibi və iştirakçısı olmuşdur.

E.Əlizadə YUNESKO-nun nəzdində Rusiya Federasiyasının Vladiqaf­qaz şəhə­rində fəaliyyət göstərən Dağların tarazlı inkişafı elmi mərkəzinin Müşa­hidəçilər Şurasının üzvü olmuşdur. 

E.Əlizadənin rəhbərliyi ilə 5 nəfər coğrafiya üzrə fəlsəfə doktoru elmi dərə­cəsi almış, 5 fəlsəfə doktorantının və 3 elmlər doktoru hazır­lığı üzrə dis­sertantın elmi rəhbəri və məsləhətçisi olmuşdur. BDU-nun Coğrafiya fakül­təsində ixtisas fənləri üzrə muhazirələr oxumuşdur.

E.Əlizadə AMEA Yer Elmləri Bölməsinin “Xəbərlər” və Qazaxıstan­da nəşr olunan “Coğrafiyanın və geoekologiyanın aktual problemləri” jur­nal­la­rının redaksiya hey­ətinin üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, AMEA-nın nəz­din­də fəaliyyət göstərən Respublika Yer Elm­ləri Problemləri üzrə Əlaqələndirmə Şurasının sədr müavini, TQDK nəzdində Coğrafiya üzrə Elmi Seminarın və Ekspert Şurasının sədri, Təhsil Nazir­liyinin Coğrafiya üzrə Elmi Metodik Şurasının sədr müavini, AMEA Elmi Nəşriyyat Şurasının Yer Elmləri seksiyasının üzvü olmuşdur.

E.Əlizadə 29 dekabr 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. 

(1957-2016)