Güləhmədov Əbdürrəhman Niyaz oğlu

Güləhmədov Əbdürrəhman Niyaz oğlu 1908-ci il avqustun 25-də Gürcüstan Respub­likasının Axalkələk rayonunun Kokiya kən­din­də anadan olmuşdur.

Moskva Kənd Təsər­rüfatı Akademiya­sının Torpaqşünaslıq və Aqrokimya fakültə­sini bitirmişdir (1932).

Ə.Güləhmədov aqrar elmlər üzrə fəlsəfə doktoru (1948), elmlər doktoru (1961), pro­fessor (1963) elmi adını almışdır. Azərbaycan EA müxbir üzvü seçilmişdir (1976).

Ə.Güləhmədov əmək fəaliyyətinə  Moskva Kənd Təsərrüfatı Akademi­ya­sının Aqrokimya kafedrasında D.H.Pryanişnikovun laboratoriyasında baş­lamış (1930), 1956-cı ildən ömrünün sonuna qədər AEA Torpaqşünaslıq və Aqrokimya İnsti­tutunun Mikroelementlər şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.

Ə.N.Güləhmədov aqrar elmlər sahəsində tanınmış alimdir. Onun çoxcəhətli elmi fəaliyyəti gübrələrin tətbiqinin elmi əsaslarının hazırlanması, onların ef­fek­tliyinin artırılması, mikroelement­lərin bioloji rolu və onların kənd təsər­rüfatında tətbiqi, təbii radioaktiv elementlərin öyrənilməsi, biogeo­kimyəvi əya­lətlərin aş­kar edilməsi və effektli gübrə növlərinin yaradılması, istehsalat tex­no­logiyasının hazırlanması, efirli-yağlı və dərman bitkilərinin aqrokimyası və s. kimi tədqiqat­ları əhatə edir.

Ən böyük xidmətlərindən biri yeni növ gübrələrin istehsal texnolo­giyasının hazırlanması olmuşdur. Alim yerli sənaye tullantılarından alınan 7 növ poli­mik­rogübrələrin və sənaye miqyasında yüz tonlarla istehsal edilən mikroelement­ləşdirilmiş mineral gübrələrin istehsal texnologiyasının müəl­lifidir.

Ə.N.Güləhmədov 250-yə qədər elmi əsərin o, cümlədən 15 müəlliflik şəha­dətnaməsi, 10 səmərələşdirici təklifin, 5 monoqrafiyanın müəllifidir. Yüksək ixtisaslı 42 fəlsəfə və 3 elmlər doktorluğu işinə rəhbərlik etmişdir.

O, keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin üzvü və mikroele­ment­lər üzrə keçirilən qurultayların və konfransların daimi iştirakçısı ol­muş­dur. Uzun illər respublikada D.İ.Mendeleyev adına Kimya cəmiyyətinə rəhbərlik etmiş, Azərbaycanda kənd təsərrüfatının kimyalaşdırılması problemi üzrə şu­ra­nın sədri olmuşdur.

Ə.N.Güləhmədov AzərbaycanDövlət mükafatına (1978) layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Əbdürrəhman Güləhmədov 1989-cu ildə Bakıda vəfat etmişdir.

(1908-1989)