Hacıyev Dəmir Vahid oğlu

D.Hacıyev 1929-cuildə Qax rayo­nu­nun İlisu kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Univer­siteti) Pediat­riya fakültəsini bitirmişdir. 

D.Hacıyev 1961-ci ildə “Eldar bozqırı­mın üst sar­mat hipparion faunası” mövzu­sun­da nami­zəd­lik dissertasiyasını müdafiə etmiş və bu işinə görə D.Hacıyev biolo­giya üzrə elm­lər doktoru elmi dərəcəsinə layiq görülmüş­dür. 1963-cü ildə Azərbay­can Dövlət Univer­sitetinin (indiki Bakı Dövlət Universiteti) Onurğalılar zoologiyası kafedra­sında professor vəzifə­sinə seçilmiş, 1964-cü ildə professor elmi adını almış­dır. 1972-ci ildə Azərbaycan Elmlər Akade­mi­yasının (AEA) müxbir üzvü seçilmişdir.

 D.Hacıyev əmək fəaliyyətinə 1952-ci ildə Krım vilayətinin Morfovka rayon xəs­təxa­nasında həkim vəzifəsində başlamışdır. 1954-cü ildə AEA-nın H.Zər­dabi adına Təbiət tarixi muzeyinə dəvət edilmiş və burada kiçik elmi işçi, elmi katib və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1964-cü ildə Azər­baycan Dövlət Tibb İnstitu­tunun Ümumi biologiya kafedrasının müdiri vəzi­fəsinə seçilmişdir və həmin ildən institutun elmi işlər üzrə prorektoru, AR Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri vəzifələrində çalışmışdır. 1968-1970-ci illərdə Geolo­giya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) Paleobiologiya sekto­runa, 1971-ci ildən isə Təka­mül paleontologiyası labo­ratoriyasına rəh­bərlik et­mişdir. 1996-cı ildə Ali Attesta­siya Komissiyasında (AAK) Biologiya üzrə İxtisaslaş­dırılmış şuranın sədri vəzifə­sində çalışmışdır.

D.Hacıyevin elmi tədqiqatlarının sаhəsi paleontologiya, paleobiolo­giyа, paleote­ra­to­logiya və paleopatologiyanın bir çox istiqamətlərini əhatə edir. Alim uzun müd­dət Avrasiyanın miosen faunasını (hipparion) tədqiq etmişdir. Qədim məməlilərin yeni cins və növlərini təsvir etmiş, Azıx mağa­rasında çoxtəbəqəli qədim insan dü­şərgəsini öyrənmişdir. Onun rəhbərliyi altında müqayisəli osteo­logiya, miologiya, odontologiya və arxeozoologiya üzrə tədqiqatlar aparılmışdır. Diş aparatının və skelet sümüklərinin makro və mikrostrukturuna əsasən məməlilərin fərdi yaşının təyin olunmasının kompleks üsulunu işləyib hazırlamışdır.

60-cı illərdə M.Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aş­kar edil­miş qədim insan məskəninin öyrənil­məsində, dünya miqyasına qal­dırılmasında D.Hacı­yevin böyük rolu olmuşdur. O, Azıx mağarasının 5-ci təbə­qəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləmişdir. Alimin təsdiqinə görə, həmin təbəqədə tapılan ibti­dai insanın alt çənəsi isə 20-22 yaşlı qadına məx­susdur. Tapıntı Azərbaycan Dövlət Tarix Muzeyinin Qızıl fon­dunda saxlanılır.

Azərbaycanın Əməkdar elm xadimi D.Hacıyev 120-dən çox elmi işin, o cümlədən 12 monoqrafiya və dərsliklərin müəllifidir.

D.Hacıyevin rəhbərliyi ilə 3 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdiril­miş­dir. Elmi tədqiqatlarla yanaşı, Azərbaycan Tibb Universiteti və Azərbay­can Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

D.Hacıyev bir sıra xarici akademiyaların və elmi cəmiyyətlərin üzvü olmuş­dur. 1970-ci ildə “Fədakar əməyə görə” medalı, 1971-ci ildə “Qırmızı Əmək Bay­rağı” ordeni, 1972-ci ildə Əməktar elm xadimi fəxri adını almışdır, 1983-cü ildə Akademik N.İ.Vavilov adına qızıl me­dal, 1996-cı ildə ekologiya üzrə Akademik H.Ə.Əliyev adına diplom və mükafatla təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Dəmir Hacıyev 1999-cu ildə Bakıda vəfat etmişdir.

(1929-1999)