Həsənov İlyas Saleh oğlu

İ.Həsənov 1927-ci ildə Goranboy rayo­nunun Xan­qərvənd kəndində anadan ol­muş­dur. 1952-ci ildə Azərbay­can Sənaye İnstitu­tunun (indiki Azər­baycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini  mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.

İ.Həsənov 1966-cı ildə fəlsəfə doktoru, 1990-cı ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərə­cə­lərini almış, 2001-ci ildə isə Azərbay­can Milli Elmlər Akade­miyasının müxbir üzvü seçilmişdir.

İ.Həsənov əmək fəaliyyətinə Kompleks Elmi Tədqiqat Dəniz Geofi­ziki Eks­pe­di­siyasında geoloq vəzifəsindən başlamış, sonra neftçıxarma üzrə Azərbay­can Elmi Tədqiqat İnstitutunda geofiziki dəstə rəisi, şöbə müdirinin müavini olmuşdur. 1965-ci ildən Ümumittifaq Elmi Tədqiqat Geofizika İnstitutunun Azər­baycan fili­alında baş geoloq, laboratoriya müdiri, 1988-ci ildən Azər­bay­can Elmi Tədqiqat Geofizika İnstitutunda Kompleks geofiziki-geoloji tədqiqat­lar laboratoriyasının müdiri vəzifələrində işləmişdir.

İ.Həsənov geoloji-geofiziki ümumiləşdirmə və tektonika sahəsində Azərbay­canda aparıcı alimlərdən biri olmuşdur. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Orta və Cənub Xəzər çokəkliklərinin çöküntü  komplekslərinin geoloji və dərinlik geoloji qu­ru­luşu, dərinlik yarılmaları, geoloji inkişaf tarixi, tektonik rayonlaşdır­ma və ərazinin neftlilik-qazlılıq perspektivlərinə dair bir sıra sanballı əsərlər dərc edilmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xəzər dənizi­nin, Cənub Xəzər neft-qaz hövzəsinin, yeni məlumatlar əsasında bir daha Azər­baycanın neftli-qazlı pers­pek­tiv strukturları, Avropa və Asiyanın mezo-kaynozoy şelflərinin paleocoğrafi xəritələri və atlaslarının bütöv bir seriyası hazırlanmışdır. Həmin atlasların ol­duqca yüksək qiymətə  layiq olması keçmiş SSRİ məkanında uzun müd­dət  neft sənayesində fəaliy­yət göstərən bir sıra görkəmli alimlər  və həmin atlasları satın alan xarici neft şirkət­lərinin mütəxəssisləri tərəfindən dəfələrlə etiraf edilmişdir. Monoqrafik izahat kitab­ları ilə təchiz edilmiş həmin rəngli atlasların ikisi Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin kartoqrafiya fabrikində çap olunmuş, sonralar ingilis dilinə tərcümə edilmiş və 20-dən artıq  şirkət tərəfindən satın alınmışdır.

İ.Həsənov BDU-nun Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasın­da geofizi­ka fənni üzrə 6 ildən artıq mühazirələr oxumuşdur. O, 1997-ci ildə Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

İ.Həsənov 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiya, 6 bro­şür, 4 xəritə və 1 kəşfin müəllifi olmuş, “Azərbaycanın neftli-qazlı və pers­pektivli struk­turlarının atlası», «Xəzər dənizinin neftli-qazlı və perspektivli strukturlarının atlası», «Cənubi Xəzər neft-qazlı höv­zəsinin və perspektivli strukturlarının atla­sı»­nın müəllifi və həmmüəllifi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiya­sının Rəyasət Heyəti, Ali Attestasiya Komissiyası yanında geoloji məzmunda xəritə və atlaslar üzrə Ekspert qrupunun üzvü olmuşdur. 

O, 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1970-ci ildə  “Azərbaycanın milyardıncı ton nefti”, 1977 və 1987-ci illərdə isə SSRİ Geologiya Nazirliyinin “Yer təki kəşfiyyatının əlaçısı” nişanları ilə təltif edilmişdir. İ.Həsənov 1991-ci ildə Azərbaycan Respub­likasının Əməkdar geo­loqu adına layiq görülmüşdür. 1994-cü ildə SSRİ Elm­lər Akademiyasının insti­tutları ilə birlikdə «Me­zo­zoy və kaynozoyda Avrasiya şelfinin paleocoğrafi xəritələr atlası»nın tərtib edil­məsində iştira­kına görə H.Z.Tağıyev adına Milli Mükafata layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü İlyas Həsənov 2002-ci ildə Bakıda vəfat etmişdir.

(1927-2002)