İbadlı Oruc Vəli oğlu

İbadlı Oruc Vəli oğlu 1938-ci il noya­b­rın 5-də Füzuli rayonunun Dövlətkarlı kən­din­də anadan olmuşdur. O, Gəncə Pedaqoji Uni­ver­sitetinin Biologiya fakültə­sini bitirmişdir (1967).

O.İbadlı 1973-cü ildə fəlsəfə doktoru, 2004-cü ildə elmlər doktorluğu disser­tasiya­sını müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

O, 1973-cü ildə AMEA Botanika İns­titutunda laborant, 1974-cü ildə kiçik elmi işçi, 1977-ci ildə böyük elmi işçi, 1983-cü ildə isə aparıcı elmi işçi vəzifə­lərində çalış­mışdır. 2000-ci ildən 2014-cü ilə kimi AMEA Nəbatat Bağında direk­tor vəzifəsini tutmuşdur.

O.V.İbadlının tədqiqatları Qafqazda bitən geofitlərin taksonomik tər­kibini müəyyənləşdirmək, onların yayılmasını, morfoloji, anatomik qurulu­şunu öy­rən­mək, Abşeron şəraitinə introduksiya etmək, onların əhəmiyyətini, səmərəli istifadə edilmə perspektivlərini aşkara çıxarmaq və mühafizəsini təmin et­mək kimi vacib məsələlərə həsr edilmişdir. Bu tədqiqatlar nəticə­sində Qafqazda 22 fəsiləyə, 91 cinsə aid 517 növ geofitlərin olduğu müəy­yənləş­dirilmişdir. Qafqaz geofitlərini müxtəlif növ çiçək kompozisiyaların­da istifadə etmək və onların uzun müddət yaraşıqlı, dekorativ və effektli olması üçün 3 ballı feno­spektr cədvəli təklif olunmuşdur.

O.İbadlı işlədiyi müddət ərzində Mərkəzi Nəbatat Bağında geofit bit­kilərin­dən ibarət kolleksiya sahəsi yaratmışdır. Toplanmış kolleksiyanın 323 bitkisi üzərində sınaq keçirilmiş və onlardan 150-yə qədəri təsərrüfatlara tövsiyə edil­mişdir. Bu işlər haqqında 3 müəlliflik şəhadətnaməsi alınmışdır. Bundan əlavə O.İbadlı nadir və nəsli kəsilməkdə olan bitkilərin kolleksi­ya­sını yaratmış, həmin kolleksiya hesabına genofond yaradılaraq Azərbay­canda tükənməkdə olan na­dir bitkilərin 50-dən çox növü reintroduksiya olun­muşdur.

O.V.İbadlı geofit bitkilərlə yanaşı, 50-dən artıq sarmaşan bitkinin (lianların) Abşeron şəraitində biomüxtəlifliyi, taksonomiyası, əhəmiyyəti, becərilmə aqro­tex­nikası, şaquli yaşıllaşdırmada istifadə qaydaları, xəstəlik və ziyanveri­cilə­rinə qarşı mübarizə tədbirlərini tədqiq etmişdir.

O.İbadlı 198 elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 15 kitabçanın və       4 dildə 2 hissəli “Nəbatat terminləri və bitki adları” lüğətinin müəllif­lə­rindən biridir. Azərbaycanın “Qırmızı Kitab”ının, Moskva Baş Botanika Bağında bura­xılan “Qırmızı Kitab”ın, ASE-nin, Azərbaycan Milli Ensi­klo­pediyasının, SSRİ-nin və Baltikyanı ölkələrin “Çiçək kataloqları”nın müəl­liflərindən biri, dərslik, me­todik məcmuə, tövsiyələrin müəllifidir. İlk dəfə olaraq “Qafqaz geofitlərinin kons­pekti” kitabını tərtib etmişdir.

Onun rəhbərliyi ilə 5 aspirant və 6 dissertant elmi dərəcə almışdır.

O.İbadlı Bakı şəhərində Aqro-bədii şuranın, Milli parkın elmi-metodik şura­sının, Meşəçilik İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitu­tunun Müdafiə Şura­sının, “Elm və həyat” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, “Tərəqqi” medalı və 2 dəfə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Oruc İbadlı 2015-ci il fevralın 23-də Bakıda vəfat etmişdir.

(1938-2015)