İsgəndərov Bala Ağa Hüseyn oğlu

İsgəndərov Bala Ağa Hüseyn oğlu 1936-cı il dekabrın 21-də Bakı şəhərində ana­dan olmuşdur.1961-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir.1967-ci ildə riya­ziy­yat üzrə fəlsəfə doktoru, 1994-cü ildə riya­ziy­yat üzrə elmlər doktoru alimlik dərəcələ­rini, 1996-cı ildə pro­fessor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçil­mişdir.

1964-2012-ci illərdə AMEA Riyaziy­yat və Mexanika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Diferensial tənliklər şöbəsinin müdiri olmuşdur.

B.İsgəndərov Petrovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin azalması üçün kafi şərt vermiş və məsələnin həllinin azalma sürətini fəza dəyişənlərinin ölçüsündən asılı olaraq təyin etmişdir. Silindrik oblastlarda elliptik tənliklər üçün şüalanma prinsiplərini tədqiq etmiş və hiperbolik tənliklər nəzəriyyəsində məlum olmayan iki yeni effekti müəy­yən etmişdir: silindrik oblastlarda tənliyin tərtibi silindrin uzununa ölçüsündən böyük olduqda rezonans hadisəsinin aşkar edilməsi və bu halda hiperbolik tənlik üçün qoyulmuşqarışıq məsələnin həllinin zamanın böyük qiymətlərində artma sürətinin tapılması; rezonans olmayan hallarda hiperbolik tənlik üçün qoyulmuş qarışıq məsələ üçün limit amplitudu prin­si­pinin doğru olduğunun gös­tərilməsi və qeyri-stasionar məsələnin həllinin sta­sionar məsələnin həllinə yaxınlaşma sürətinin təyin edilməsi. Alınmış nə­ticələr dəyişən əmsallı tənlik­lər üçün də isbat edilmişdir. Sobolev tipli müx­təlif tənliklər üçün Koşi məsə­ləsi, sonsuz silindrik və məhdud oblastlarda qarışıq məsələlərin həllinin varlı­ğı, ye­ganəliyi və bu məsələlərin həllinin zamanın böyük qiymətlərində asimp­totikası haqqında mühüm elmi nəticələr almışdır.

B.İskəndərov 70-dən çox elmi məqalənin və 1 monoqrafiyanın müəlli­fidir. Rəhbər­liyi altında 13 elmlər namizədi müdafiə etmişdir.Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü Bala İsgəndərov 2012-ci ildə Bakıda vəfat etmişdir.

(1936-2012)