Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Kərimov Kərim Cabbar oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Kərim Cabbar oğlu Kərimov 20 sentyabr 1921-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, Azər­baycan milli sənət­şü­nas­lıq məktəbinin banilərindən biridir.

II Dünya müharibəsinin iştirakçısı olan K.Kərimov 1946-cı ildə Azərbaycan Döv­lət Universitetinə daxil olmuş və 1951-ci ildə həmin universitetin Sənət­şü­naslıq böl­mə­sini bitirmişdir. 1951-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Aka­de­mi­ya­sı­nın Memarlıq və İncəsənət İnstitutunda ça­lış­mış­dır. 1952-1955-ci illərdə K.Kərimov Memarlıq və incəsənət İnstitutunun aspiran­tu­ra­sında oxumuş, namizədlik (1959), doktorluq (1971) dissertasi­ya­la­rı müdafiə etmişdir. O, 1975-ci ildə professor elmi adını almış, 1980-ci ildə isə AMEA-nın müx­bir üzvü seçilmişdir. AMEA Memarlıq və İn­cə­sə­nət İnstitu­tunun şöbə mü­diri (1971-1995), elmi işlər üzrə direktor müavini (1973-1993) son­ra isə direk­tor (1993-1995) vəzifəsində iş­lə­mişdir.

K.Kərimovun elmi fəaliy­yə­ti Azərbaycan təsviri sənət tarixinin ya­ra­dıl­ma­sı, orta əsr miniatür sənətinin araşdırılması, bir çox Azər­baycan sənət əsərlərinin və sənət­kar­larının aşkar edilməsi və ilkin tədqiqinə həsr olun­muşdur. Təbriz və Qəzvin miniatür mək­təblərinin üzə çı­xa­rıl­ması və elmi əsas­lan­dı­rılması, onların Ya­xın və Orta Şərq in­cə­sə­nə­tinə tə­si­ri­nin öyrənil­məsi K.Kərimovun adı ilə bağ­lıdır.

Görkəmli alim 110-dan artıq el­mi əsərin, o cümlədən 12 monoqrafi­ya­nın müəl­lifidir. Onun «Soltan Məhəmməd və onun məktəbi» (1971, 1993), «Azər­baycan mi­niatür­ləri» (1980), «Miniatür» (1983), «Di­var üstü boyakar­lıq» (1983), «Azərbay­can in­cə­­sə­nəti» (1977, 1992), «Bəhruz Kəngərli» (1962), «Sadiq bəy Əfşar» (1987) və başqa əsər­ləri sənətşünaslıq elminə böyük töhfə vermişdir.

K.Kərimov pedaqoji və ictimai fəaliy­yət göstərmiş, 1966-cı ildən etiba­rən Azər­­bay­can Dövlət Mədəniyyət və İncəsənət Uni­­ver­si­te­tində dərs demiş, bir çox dok­torluq və na­mi­zəd­lik dis­sertasiyalarının elmi rəhbəri ol­­muşdur. 1958-ci ildən Azərbaycan Rəs­samlar İt­ti­fa­qının üzvü olan K.Kərimov 1982-1992-ci illərdə İttifa­qın katibi və­zi­fə­sin­də çalış­mışdır.

Sənətşünas alimin fəaliyyəti dövlət və cə­miy­­­yət tərəfindən yüksək qiy­mət­lən­di­ril­miş­dir. 1993-cü ildə Beynəlxalq Gözəl Sə­nət­lər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü seçilmişdir. O, Mədəniyyət abi­də­lərinin qorunması və bər­pa­sı metodiki şurasının, Mətbuat Komitəsinin Bə­­dii Şurasının və b. şura və komissiyaların üz­­vü olmuşdur. K.Kərimov «Şanlı əməyə gö­rə» (1970) medalı və «Şərəf nişanı» (1972) or­deni ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Kərim Kərimov 25 iyul 1995-ci ildə Ba­kı­da vəfat etmişdir. 

(1921- 1995)