Qarayeva Ninel İsrafil qızı

Qarayeva Ninel İsrafil qızı 1932-ci il mayın 25-də Bakı şəhərində anadan olmuş­dur. Moskva Dövlət Universitetinin Biolo­giya fakültəsini bitirmişdir (1955).

N.İ.Qarayeva fəlsəfə doktorluğu (1961) (Xar­kov Dövlət Universiteti), elmlər doktorluğu (1975) (SSRİ EA V.L.Komarov adına Botanika İnstitutu) dissertasiya­larını müdafiə etmiş və AMEA-nın müxbir üzvü (2001) seçilmişdir.

O, Azərbaycan SSR EA Torpaqşü­naslıq və Aqrokimya İnstitutunda baş laborant (1956-1957), Azərbaycan SSR EA Botanika İnstituunda kiçik elmi işçi (1960-1965), böyük elmi işçi (1965-1986), apa­rıcı elmi işçi (1986-1989) kimi fəaliyyət göstərmiş­dir. 1989-cu ildə Alqolo­giya və lixenobriologiya laboratoriyasının müdiri seçilmişdir.

N.İ.Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfolo­giyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdir.

N.İ.Qarayeva uzun illər ərzində Xəzər dənizinin Azərbaycan hissə­sinin alqoflo­rasını ətraflı tədqiq etmişdir. Xəzər dənizinin bentosunda diatom yosun­ların elm üçün yeni 4 növünü ( Navicula orientata Kar., N. obtusata Kar., N.bella Kar., N.intri­cata Kar.) və 3 növdaxili taksonunu (Achnanthes brevipes Ag.var. intermedia (Kütz.) Cl.f.rostrata Kar., Amp­hora holsatica var. tenera Kar., Nitzschia sigmaformis Hust. Var. socialis Kar.) təsvir etmişdir. Onun tərəfindən diatomların yosunların Navicula cinsinə aid Lyratae seksiyasının bir qrup növü müstəqil Lyrella Kar. cin­sinə ayırd edilmişdir və ilk dəfə olaraq diatom yosunların 70 növü və növdaxili taksonu skan elektron mikroskopu (SEM) vasitəsilə tədqiq edilmişdir. O, diqqətini xüsusilə diatomların tikişinə yönəldirdi ki, bu morfoloji strukturun mövcudluğu və quruluşu Bacillariophyta şöbəsinin filogenetik sisteminin əsasını təşkil etmişdir. N.İ.Qa­ra­yevanın SEM vasitəsilə aldığı məlumatlar yalnız Xəzər florasının miqyası ilə məh­dudlaşmır, diatom yosunların bəzi növləri və cinsləri üçün taksonomik kriterilərin dairəsini genişləndirmək imkanı verir və bütün Bacillariophyta şöbəsinin sistema­ti­kası üçün əhəmiyyət kəsb edir. O, ilk dəfə olaraq Xəzər dənizində çox nadir birhü­cey­rəli diatom yo­sun­larının bir cinsi − Biremis (Giffen) Mann və bir neçə növünü aşkar etmişdir. Alim tərəfin­dən Xəzər dənizində çirklənmə ilə əlaqədar yosunların takso­nomik qruplarının yayılması qanunauyğunluqları müəyyənləşdirilmiş, neftlə və munisipal çirklənmə şəraitlərində yosun birləşmələrinin tərkibində fərq­lər olduğu qeydə alınmışdır. Sumqayıt və Bakı şəhərlərinin Xəzər sahili boyunca demu­tasion (bərpa) bitkilik müəyyən edilmişdir.

N.İ.Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsə­rin və 1 mo­noqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 fəlsəfə doktoru hazırlanmışdır.

O, diatom yosunlarının ultrastrukturu üzrə Beynəlxalq Terminologiya Komitəsi­nin, 1997-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti ya­nın­da Ali Attesta­si­ya Komissiyasının Biologiya elmləri üzrə Ekspert Şura­sının, AMEA Botanika İns­titutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət gös­tərən Dissertasiya Şurasının, “AMEA-nın Xəbərləri (biologiya və tibb elm­ləri)” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

N.İ.Qarayeva “Əməkdə fərqlənmə” medalına, “Sosialist yarışı əlaçısı” nişanına layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişmişdir. 

(1932-2017)