Qasımov Əbdül Hüseynəli oğlu

Qasımov Əbdül Hüseynəli oğlu 1929-cu il martın 5-də Lənkəran rayonu Kənar­meşə kəndində anadan olmuşdur. 1946-cı ildə Xolmili kənd orta məktə­bini, 1950-ci ildə isəAzərbaycan Pedaqoji İnstitutunu bitir­mişdir.

Zoologiya üzrə fəlsəfə (1954) və elmlər doktorluğu (1963) dissertasiyala­rını müdafiə etmiş, Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir (1980).

1954-cü ildən ömrünün sonuna qədər (2005) Azərbaycan Milli Elmlər Aka­demiyası Zoologiya İnstitutunda Hidrobiologiya laboratoriyasının elmi işçisi, böyük elmi işçisi, müdiri (1961 – 2005), Xəzər Bioloji Stansiyasının direktoru (197­4-2005) vəzifələrində çalışmışdır.

Ə.Qasımovun əsas tədqiqatları Azərbaycanın şirin su hövzələrində və Xəzə­rin Azərbaycan sektorunda yayılmış onurğasız heyvanların növ və miq­dar tərkibinin araşdırılmasına və su tutarlarının balıqçılıqda istifadəsinə həsr olun­muşdur. Onun A.R.Əliyevlə birlikdə işləyib hazırladıqları “Bioloji tövsiy­ə­lər” üzrə təkliflərə əsasən hazırda da Respublikamızın göl və su anbarlarına bitki­lərlə qidalanan balıqlar buraxılır.

Ə.Qasımovun rəhbərliyi (1959) və bilavasitə iştirakı ilə Xəzər dəni­zinin Azər­baycan sektorunun bioloji rejimi əsaslı tədqiq olunmuşdur. O həmçinin elmi tədqiqat “Elm” gəmisi ilə Sakit və Hind okeanlarının və eləcə də Aralıq dənizinin bioloji rejimini tədqiq etmişdir. Ekspedisiyadan topladığı material­lar əsasında 1987-ci ildə “Sakit və Hind okeanlarının həyatı” adlı kitab nəşr etdirmişdir.

Ə.H.Qasımov Azərbaycan SSR EA Biologiya Elmləri Bölməsinin Birləşmiş Dis­sertasiya Müdafiəsi Şurasının, Zoologiya İnstitutunun Elmi Şurasının, Ümum­ittifaq Hidrobioloqlar Cəmiyyətinin, Azərbaycan Hidro­bio­loqlar Cəmiyyətinin sədri, “Azər­baycan EA-nın xəbərləri”, “Azərbaycan təbiəti” jurnallarının, ASE-nin redak­siya heyətinin üzvü, “İnsan və Biosfer” proqramı üzrə Respublika komitəsi sədrinin müavini, SSRİ EA-nın “Su hövzələrinin bioloji ehtiyatları, onlardan səmərəli istifadə edilməsi və müha­fizəsi” üzrə Elmi şurasının, Heyvanlar Aləminin Bərpası və Müha­fizəsi üzrə Koordinasiya Şurasının, Xəzər Dənizinin kompleks öyrənilıməsi proble­mi üzrə Koordinasiya Şurasının üzvü, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin İxtiologiya komissiyasının üzvü olmuşdur. O, “BP Azerbaijan” Neft Şirkətin­də Ekologiya üzrə müstəqil ekspert kimi də fəaliyyət göstərmişdir.

Ə.H.Qasımov 362 elmi əsərin müəllifi və həmmüəllifi olmuşdur. Bu əsər­lərin 21-i monoqrafiya, 16-sı isə elmi-kütləvi kitablardır. O, Azərbaycan hidrobiologiya elmini xarici ölkələrdə dəfələrlə təmsil etmiş, Polşa, ABŞ, Yaponiya, Yunanıstan və b. ölkələrdə keçirilən Beynəlxalq elmi toplantılarda məruzələrlə çıxış etmişdir.

Ə.H.Qasımovun rəhbərliyi ilə 5 elmlər və 22 fəlsəfə doktorluğu disserta­siyası müdafiə olunmuşdur. O, Əməkdar Elm xadimi fəxri adına layiq görül­müşdür (1990).

AMEA-nın müxbir üzvü Əbdül Qasımov 2005-ci il yanvarın 31-də Bakıda vəfat etmişdir.

(1929-2005)