Məmmədov Xudu Surxay oğlu

X.Məmmədov 1927-ci ildə Ağdam rayonunun Mər­zili kəndində anadan olmuş­dur. 1951-ci ildə Azərbaycan Dövlət Univer­si­tetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-coğrafiya fakül­təsini bitirmişdir.

X.Məmmədov 1955-ci ildə SSRİ EA Kristallo­qra­fiya İnstitutunda fəlsəfə dok­toru, həmin İns­titutda 1969-cu ildə geologiya-mi­ne­ralogiya üzrə elmlər dok­toru elmi dərəcə­lə­rini, 1973-cü ildə professor elmi adını almış, 1976-cı ildə isə Azərbaycan Elmlər Aka­demiyasının (AEA) müxbir üzvü seçilmişdir.

X.Məmmədov 1952-ci ildən AEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda Struktur-kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

X.Məmmədovun elmi tədqiqatları əsasən sement silikatlarının, boratların, karbo­natların, fosfatların və bir sıra yarımkeçirici birləşmələrin kristal quru­luş­larının öyrənilməsinə həsr edilmiş və tədqiq etdiyi bu bir­ləşmələrdə kristal-kimyəvi “qohumluq” aşkar etmişdir. Elmə “quruluş vahi­di” anlayışını ver­miş və sement silikatlarında bağlayıcıların kristallokimyəvi nəzəriyyəsini işləyib ha­zır­lamışdır. Paterson funksiyasının araşdırılması üçün “üçlü pik” teoremini vermiş, 50-dən çox üzvi liqandlı kompleks birlə­şmələrin kristal quruluşunu öyrənmişdir.

X.Məmmədov görkəmli fizik və kristalloqraf Con Bernalla III Bey­nəlxalq se­ment silikatlarının quruluşuna həsr olunmuş simpoziumda tanış olmuş, 1966-cı ildə Londonda onun laboratoriyasında bir il müddətində tədqiqatlar aparmış və silikat birləşmələrindən bir çoxunun quruluşunu mü­əy­yənləşdirmişdir.

Elmi nəticələrin təbliği sahəsində onun xidmətləri böyükdür. O, Azər­bay­can­da kristalloqrafiya və kristallokimya məktəbinin yaradıcısıdır.

 X.Məmmədov Azərbaycan Televiziyasında yayımlanan “Elm və hə­yat” veri­lişinin uzun müddət aparıcısı olmuşdur.

X.Məmmədov 340-dan artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya­nın müəllifidir.

X.Məmmədovun rəhbərliyi ilə çoxsaylı fəlsəfə doktoru və elmlər doktorları ha­zırlanmışdır.

X.Məmmədovun elmi-təşkilati fəaliyyəti hökumət tərəfindən yüksək qiy­mət­ləndirilərək, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Xudu Məmmədov 1988-ci ildə Bakıda vəfat etmişdir.

(1927-1988)