Məmmədov İlham Tofiq oğlu

Məmmədov İlham Tofiq oğlu 1955-ci il  iyulun 1-də Bakı şəhərində anadan olmuşdur.

1975-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Tətbiqi riyaziy­yat fakül­təsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cələrini, 1988-ci ildə professor elmi adını al­mış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçil­mişdir.

İ.Məmmədov 1975-1982-ci illərdə Azər­­bay­­can Dövlət Neft və Kimya İnstitutu­nun Tətbiqi riyaziyyat kafedrasında assistent, 1982-2001-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri, 2001-2003-cü illərdə direktor vəzifəsində çalışmışdır.

İ.Məmmədovun tədqiqatları əsasən xüsusi törəməli diferensial tənlik­lərin keyfiyyət nəzəriyyəsinə aiddir və kəsilən əmsallı qeyri-divergent struk­turlu ikinci tərtib elliptik və parabolik xətti və kvazixətti tənliklərin həllərinin sərhəd xassələri nəzəriyyəsi, bu tənliklərin həllərinin daxili ha­marlığınin araş­dırıl­ması, qeyri-məhdud oblastlarda həllin özünü aparmasının öyrənilməsi, mənfi olma­yan xarakteristik formalı cırlaşan tənliklər nəzəriy­yəsi, müxtəlif funksio­nal fəzalarda sərhəd və başlanğıc-sərhəd məsələlərinin həll oluna bilməsi və s. təd­qiqinə həsr olunmuşdur. Sərhəddə qeyri-hamar oblastlarda geniş sinif ellip­tik və parabolik tənliklər üçün birinci sərhəd mə­sələsinə dair sərhəd nöqtələri­nin requlyarlığı nəzəriyyəsini inkişaf etdirmiş­dir. İkinci tərtib parabolik tən­lik­lərin keyfiyyət nəzəriyyəsinin mühüm prob­lemini həll etmiş – tənliyin əmsal­ları­nın hamarlığına və baş hissəsinin məx­susi ədədlərinin səpil­məsinə heç bir şərt qoy­madan göstərmişdir ki, ikinci tərtib kvazixətti para­bolik tənliyin ixti­yari həll baxılan oblastın hər bir ciddi alt oblastında Hölder mənada kəsilməz ola­caqdır. Sərhəddi qeyri-kompakt oblastlarda ikinci tərtib elliptik və parabolik tənlik­lərin həllərinin və mün­təzəm cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri haqqında, həmçinin qeyri-divergent strukturlu ikinci tərtib tənliklər üçün sərhəd məsələlərinin çəkili anizotrop S.L.Sobolev fəzalarında ümumiləşmiş mənada həll oluna bilən olması haqqında prinsipial nəticələr əldə etmişdir.

İ.Məmmədov 80-dən çox elmi məqalənin və bir kitabın müəllifidir. 16 fəlsəfə dok­toru və 1 elmlər doktoru hazırlamışdır.

1982-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin Komsomolu Müka­fatı laureatı olmuşdur.

1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiy­yətinin üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü İlham Məmmədov 2003-cü ildə Bakıda vəfat etmişdir.

 (1955-2003)