Mövsümzadə Məhəmməd Mirzə oğlu

Mövsümzadə Məhəmməd Mirzə oğlu1908-ci il dekabrın 25-də Bakı şəhərində ana­­dan olmuşdur. ADU-nun Təbiətşünaslıq böl­mə­­si­nin Pedaqoji fakültəsini bitir­mişdir (1930).

1938-ci ildə kimya üzrə fəlsəfə dokto­ru, 1946-cı ildə kimya üzrə elmlər dok­toru elmi dərəcəsini, 1947-ci ildə isə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

1939-1948-cu illərdə Azərbaycan Səna­ye İnsitutunun (indiki ADNSU) Kimya-texnologiya fakültəsində dekan, 1940-1960-cı illərdə Azərbaycan Tibb Universite­tində Üzvi kimya kafedrasında dosent, professor, kafedra müdiri, 1947-1984-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) Üzvi kimya kafed­rasında professor, kafedra müdiri vəzifələrində işləmişdir.

M.Mövsümzadənin apardığı elmi tədqiqatların əsas istiqaməti üzvi α-oksid­lərin sintezi və onların müxtəlif çevrilmələri, alınmış məhsulların araş­dırıl­masından ibarətdir.

M.Mövsümzadə α-oksidləri almaq üçün olefinlərin hipoxloridlə ok­sid­ləş­dirilməsi üsulunu təklif etmiş və trimetil epoksidinin istehsalını təcrübi qur­ğuda həya­ta keçirmişdir. Trimetil epoksidini izomerləşdirərək metiletil­keton almış və ondan Suraxanı, Jirnov və Qum adası sürtkü yağlarının parafinsizləş­diril­­mə­sində istifadə etmişdir.

M.Mövsümzadənin rəhbərliyi ilə halogenlər ilə oksidlərin qarşılıqlı tə­sirin­dən alınan komplekslərin aşağı temperaturda reaksiyagirmə qabiliyyəti tədqiq edilmiş və onların qoşulmuş 3 komponentli reaksiyaların aparıl­ma­sında istifa­də edilərək 2,2-dihalogendialkil efirlərin sintez üsulu işlənib ha­zır­lanmışdır. Bunlar isə müxtəlif morfolin törəmələrin alınması üçün baş­lanğıc maddə kimi istifadə edilmişdir.

İki komponentli qoşalaşmış və ya daxili molekulyar qoşalaşmış reak­siya­ların aparılması da M.Mövsümzadə və onun əməkdaşlarının adı ilə bağ­lıdır.

α-oksidlərin bromlaşma reaksiyasının kinetikasına əsasən öyrənilmiş reak­siyanın mexanizmi haqqında mülahizə irəli sürülmüşdür. Onun rəhbər­liyi ilə tetraxloretilenin iştirakı ilə oksidlərin bromlaşması nəticəsində kraun-efir­lərin (di-kraun-6) sintez üsulu işlənib hazırlanmışdır.

M.Mövsümzadə 258 elmi əsərin, o cümlədən 20-dən çox müəlliflik şəha­dətnamə­si­nin və 9 monoqrafiyanın müəllifidir.

M.Mövsümzadənin  rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişdirilmişdir.

M.Mövsümzadə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə, “Bö­yük Vətən mü­haribəsində Almaniya üzərində qələbəyə görə” və “Əmək veteranı” medalları, ”Fədakar əməyə görə” yubiley medalı ilə təltif olun­muş, “Fəxri kimyaçı” adı almışdır.

AMEA-nın müxbir üzvü Məhəmməd Mövsümzadə 1984-cü ildə Bakıda vəfat etmişdir.

(1908-1984)