Musabəyli Ümnisə Süleyman qızı

Musabəyli Ümnisə Süleyman qızı 8 oktyabr 1902-ci ildə Qəbələdə anadan olmuşdur.

Azərbaycan Dövlət Uni­versitetinin tibb Fakültəsini bitirmiş (1926), elmlər doktorluğu dissertasiyası (1936) müdafiə etmiş, professor (1943) elmi adına layiq görülmüşdür. Ü.Musabəyli Azərbaycan SSR Elmlər Akademi­yasının müx­bir üzvü seçilmişdir (1962).

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Tibb İnstitutunda başlayan Ü.Musa­bəyli Göz xəstəlikləri kafedrasında 1945-1974-cü illər ərzində assistent, do­sent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Ü.Musabəyli Azərbaycan oftalmologiya elminin banilərindən, onu bey­nəl­xalq aləmdə tanıdan görkəmli alimlərdən olmuşdur. Onun elmi fəaliy­yətinin əsas istiqamətini traxoma və qlaukomanın, görmə siniri patologi­yalarının diaq­nostikası, klinikası, müalicəsi və profilaktikası, görmə orqa­nı­nın qəlpəli yara­lan­maları, hamiləlik patologiyası və ümumi xəstəliklər fo­nunda görmə orqa­nında gedən dəyişikliklər, onların fiziologiyası, görmənin mühafizəsi, müalicə və profilaktikası təşkil etmişdir. O, həmçinin simpatik in­nervasiyanın gözün akkomodasiya əzələsinə təsirini və uzağa akko­moda­siyada fəal iştirakını aşkar­lamışdır. Onun rəhbərliyi altında müştərək çəpgöz­lüyün müxtəlif kliniki forma­larında ametropiyaların xarakteri və dərəcəsini aydınlaşdırmaq üçün elmi təd­qiqat işləri aparılmış, alınan nəticələr səhiyyə praktikasına geniş tətbiq olun­muşdur.

Ü.Musabəyli 200-ə yaxın elmi əsərin, ilk dəfə Azərbaycan dilində yazılmış “Göz xəstəlikləri” dərsliyinin, terminoloji lüğətin, 3 monoqrafi­yanın, dərs və­saitləri və metodik tövsiyələrin müəllifi və həmmüəllifi olmuşdur.

Onun məsləhətçiliyi və rəhbərliyi altında 3 elmlər doktorluğu, 12 fəlsəfə doktoru dissertasiyası uğurla müdafiə olunmuşdur.

Ü.Musabəyli Oftalmoloqların 18-ci Beynəlxalq Konqresinin (Brüssel) nüma­yəndəsi olmuşdur, Afrika-Asiya ölkələri göz həkimlərinin 5 konqresində iştirak edərək elmi məruzələrlə çıxış etmişdir. Alim keçən əsrin 50-70-ci illərində ABŞ-da, Yaponiyada, Afrika, Asiya ölkələrində beynəlxalq konqres, qurultay, simpo­zium və konfranslarda Azərbaycan tibb elmini layiqincə təmsil etmiş, ingilis dilində elmi məruzələr etmış, xarici ölkə məcmuələrində dərin məzmun­lu mə­qalələr çap etdirmişdir. Bu işlərə çox­saylı isnadlar olunmuşdur.

Ü.Musabəyli “Вестник офтальмологии” jurnalının, “Azərbaycan Tibb Jur­nalı”nın, Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin (1955), Sovet Qadınları Şurasının üzvü, Azərbaycan Oftal­moloqlar Cəmiyyətinin sədri (1957), Ümumittifaq Oftal­moloqlar Cəmiyyətinin üzvü olmuş, Avrasiya Konqresi Rəyasət Heyətinin yeganə daimi nümayəndəsi seçilmişdir (1960).

Ü.Musabəyli 5-6-cı çağırış SSRİ Ali Sovetinin, 4-cü çağırış Azər­bay­can SSR Ali Sovetinin deputatı seçilmiş, “Lenin” ordeni, “Qafqazin müdafiə­sinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Böyük Vətən müharibə­sində fədakar əməyə görə” medalları ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına (1957) layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Ümnisə Musabəyli 1974-cü ildə Bakıda vəfat etmişdir.

(1902-1974)