Nərimanbəyov Oleq Ayaz oğlu

Nərimanbəyov Oleq Ayaz oğlu 1938-ci il sentyabrın 22-də Bakı şəhərində ana­dan olmuşdur. Azərbaycan Neft və Kimya İns­titu­tunu neft və qazın texnologiyası ixtisası üzrə bitirmişdir (1960).

O.Nərimanbəyov 1964-cü ildə kimya üzrə fəlsəfə doktoru və 1985-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1988-ci ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında kafedra müdiri (1973-1979), AEA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda (indiki AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) laboratoriya müdiri (1979-1986) və şöbə müdiri (1986-1992) vəzifələrində çalışmışdır.

O.Nərimnabəyov yeni elmi istiqaməti - katalizator olmaqla bioüzvi sistem­lə­rin iştirakı ilə yavaş kimyəvi çevrilmələrin getməsini inkişaf etdir­mişdir.

O.Nərimnabəyovun rəhbərliyi altında Penisillium-rubrum ştammla­rı­nın iş­ti­rakı ilə neft-kimya sintezi məhsulları əsasında fenisinin biosintezinin texno­loji əsasları işlənilmişdir. Bio-üzvi və üzvi sintez məhsulları əsasında şişə qarşı və radioprotektor xassəli effektiv preparatlar alınmış və sınaqdan keçirilmiş, onların canlı orqanizmin mühüm həyati proseslərində hemosti­muledici və biorequləedici fəallığı müəyyən edilmişdir.

O.Nərimanbəyovun elmi əsərləri kimyəvi kinetika və kataliz sahəsin­də praktik və nəzəri tədqiqatlara, qeyri-üzvi və bio-üzvi katalizatorların proq­nozlaşdırılması və tədqiqatların xüsusiyyətinə, homogen və heterogen katali­zatorların iştirakı ilə əsas kataliz reaksiyalarının mexanizmləri və ge­netik qanunauyğunluqlarının öyrənilməsinə, ferment və poliferment sistem­lə­rin iştirakı ilə funksional üzvi birləşmələrin elmi əsaslarının işlənməsinə həsr olunmuşdur.

Onun rəhbərliyi ilə 11 fəlsəfə doktoru hazırlanmışdır.

O, 200-dən çox elmi əsərin müəllifidir.

O.Nərimanbəyov Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Oleq Nərimanbəyov 2002-ci ildə vəfat etmişdir.

 (1938-2002)