Orucəliyev Faiq Hacı Murad oğlu

F.Orucəliyev 1934-cü ildə Bakı şəhə­rin­də anadan ol­muşdur. 1958-ci ildə Azərbay­can Sənaye İns­titutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakül­tə­sini bitir­mişdir.

1968-ci ildə texnika üzrə fəlsəfə dokto­ru, 1981-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1989-cu ildə Azərbay­can Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir.

F.Orucəliyev 1963-cü ilə qədər 26 Bakı komissarı adına  Neft Qazçıxarma İdarəsində neft hasilatı üzrə operator, Elmi Tədqiqat İstehsalat İşləri Sexinin (ETİİS) baş mühəndisi işləmişdir. O, 1963-1997-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemi İnstitutunda mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olmuşdur.

F.Orucəliyev neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alim olmuşdur.

F.Orucəliyevin elmi tədqiqatları flüid və kollektorların real xassə­lə­rinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin layların­da süzülmə prosesinin qaz-hidrodinamik model­ləşdirilməsi üsulla­rının işlə­nilməsi, müx­təlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqla­rının işlənil­məsinin kompleks la­yihə üsullarının yara­dıl­ması, həmçinin mürəkkəb lay prosesləri­nin xüsusiy­yətləri­nin öy­rənilməsi isti­qamətlərində aparılmışdır.

F.Orucəliyev 180-dən artıq elmi məqalənin, 2 monoqra­fiyanın, 5 ixtira şəha­dətnaməsinin müəllifi olmuşdur. Alimin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazır­lanmışdır.

F.Orucəliyev 1982-ci ildə «Azərbaycanın dəniz qaz-kondensat yataq­larının ehti­yatlarının qiymətləndirilməsi və işlənilməsinin layihə edilməsinin elmi üsullar kompleksinin işlənilməsi, istehsalata tətbiqi» işinə görə Azər­baycan Dövlət Mükafatı laureatı adına layiq görülmüş, «SSRİ ixtiraçısı» döş nişanı ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Faiq Orucəliyev 1997-ci ildə Bakıda vəfat etmişdir.

 (1934-1997)