Seyid-Rza Mir Kərim oğlu

M.Seyid-Rza 1925-ci ildə Bakı şəhə­rində  anadan ol­muşdur. 1946-cı ildə Azər­bay­can Sənaye İns­titutunun (indiki Azər­baycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz quyularının qazıl­ması ixtisası üzrə neft-mədən fakül­tə­si­ni fərq­lənmə diplomu ilə bitirmiş və təyinatla “Azneft” Birliyinin turbin qaz­ma Şərq kontoruna göndərilmişdir.

M.Seyid-Rza 1958-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1962-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir.

M.Seyid-Rza 1951-1954-cü illərdə “Neft Daşları”nda mühəndis vəzifəsini icra et­mişdir. 1957-1995-ci illər ərzində “Azneft” Birliyinin müx­təlif idarələrin­də və elmi tədqiqat institutlarında baş mühəndis vəzifə­sindən direktor vəzifə­sinə kimi yüksəlmişdir.

M.Seyid-Rzanın elmi fəaliyyəti əsasən geoloji mürəkkəb şəraitdə qazılan quyu­larda müxtəlif mürəkkəbləşmələrin əmələ gəlməsi səbəblərinin araşdırıl­ma­sı, onların qarşısının alınması və aradan qaldırılmasına dair tədqiqatların aparılması və lazımi tövsiyələrin verilməsi ilə bağlıdır. Bu sahədə onun ilk axtarışları quyuların sıradan çıxması, dəniz özüllərinin dağılması, yanğın­ların baş verməsi və bunların nəticəsində xeyli miqdarda neft və qazın itki­sinə səbəb olan qrifonların və kəmərarxası təzahürlərin yaranması səbəblə­rinin araş­dırıl­masına həsr olunmuşdur. Çoxsaylı nəzəri və mürək­kəbləşmə­lərdən olan qaz təzahürünün təsnifatını vermişdir. İlk dəfə olaraq hidrodi­namik təzyiq dəyişil­məsinin, temperaturun və digər amillərin quyu divarı­nın uzunmüddətli davam­lığına təsiri məsələlərini araşdırmışdır. Mürəkkəb şəraitdə dağ süxurlarının möhkəmliyini təmin edən işlər komp­leksi hazır­lamış və istehsalatda tətbiq et­mişdir. O, “Azərbaycan neft təsərrüfatı” jur­nalının baş redaktoru kimi də sə­mərəli fəaliyyət göstərmişdir.

M.Seyid-Rza 220 elmi əsərin, o cümlədən 20 monoqrafiyanın müəllifi ol­muş­dur.

Onun rəhbərliyi ilə 43 fəlsəfə doktoru və elmlər doktoru hazırlan­mışdır.

M.Seyid-Rza 1964-cü ildə Azərbaycanın Əməkdar ixtiraçısı, 1989-cu ildə SSRİ-nin Fəxri neftçisi və akademik İ.M.Qubkin adına mükafatın laureatı olmuşdur.

AMEA-nın müxbir üzvü Seyid-Rza Mir Kərim oğlu 1995-ci ildə Bakıda vəfat etmişdir.

(1925-1995)