Şıxlinski Ənvər Mamay oğlu

Ə.Şıxlinski 1911-ci ildə Qazax rayonu­nun Qazax­bəyli kəndində anadan ol­muşdur. 1932-ci il­də Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İns­titutunu bitir­mişdir. 1933-cü ildə Lenin­qrad şəhərində (Sankt-Peterburq) Baş Geo­fizika Rəsədxanası nəzdində mütəxəssis-iqlimşünaslar hazırlayan ali kurs­larda təhsil almışdır.

Ə.Şıxlinski 1947-ci ildə coğrafiya üzrə fəlsəfə dok­toru, 1971-ci ildə coğrafiya üzrə elmlər dok­toru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını ala­raq, elə həmin il Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçil­mişdir.

Ə.Şıxlinski əmək fəaliyyətinə Azərbaycan Hidrometeoroloji Xidmət İdarə­sində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində ça­lış­maqla başlamışdır. Coğrafiya İnstitutu yarandığı gündən orada kiçik elmi işçi, baş elmi işçi, Fiziki coğrafiya və İqlimşünaslıq şöbələrinin rəhbəri, elmi işlər üzrə direk­tor müavini və direktor olmuş, direktorun məsləhətçisi vəzi­fəsində işləmişdir. Bir müddət Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) müəllim, Azərbaycan Dövlət Pedaqoji Univer­sitetində kafedra müdiri və Coğ­rafiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır.

Ə.Şıxlinskinin əsas elmi maraq dairəsi ümumi iqlimşünaslıq, Azər­bay­can iq­liminin təsnifatı, dağlıq ölkələrin radiasiya və istilik balansı, iqli­min modelləş­dirilməsinin tədqiqi, dağlıq ölkələrdə iqlim xəritələrinin tərtibi metodikasının işlənilməsi olmuşdur.

Azər­baycanın, Dağıs­tanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitab­çaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Alimin “Azər­baycan SSR-in iqlim təsviri” (S.K.Kopelioviçlə birlikdə, 1937), “Azərbaycan SSR-in atmosfer yağıntıları” (1949), “Azərbaycanın iqlimi” (1968), “Azər­bay­can SSR-in istilik balansı” (1969) və baş­qa əsərləri mühüm əhəmiyyət kəsb edir. Onun “Azər­baycan SSR-in istilik balansı atlası” (1978) keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiy­yətləri Sərgisinin (XTNS-in) gümüş me­dalına layiq gö­rül­müşdür.

Ə.Şıxlinskinin elmi yaradıcılığı təkcə iqlimşünaslıqla bitmir. O, res­pub­lika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu “Azərbaycan SSR-in coğrafiya atlası”nda (1949) çap etdir­mişdir. Ə.Şıxlin­ski «Sovet Azərbaycanı» (1958) fundamental əsərinin elmi rəhbəri, redaktoru və əsas müəlliflərindən biri olmuşdur. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı tor­paq-iqlim xəritəsi (1955, 1970) onun nailiy­yət­ləri sırasındadır.                                                        

Ə.Şıxlinskinin rəhbərliyi ilə coğrafiya üzrə 25 fəlsəfə doktoru hazır­lan­mışdır.

Ə.Şıxlinski Azərbaycan Dövlət Mükafatıına, Azərbaycanın Əməkdar elm xadi­mi fəxri adına layiq görülmüş, əməkdə və elm­də fərqləndiyinə, eləcə də Böyük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Ənvər Şıxlinski 1992-ci ildə Bakıda vəfat etmişdir.

 (1911-1992)