Tahirov Vladimir İsmayıl oğlu 1932-ci il aprelin 5-də Qərbi Azərbaycanın Urud kəndində anadan olmuşdur.
Ağdam Müəllimlər İnstitutunu və Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika üzrə elmlər doktoru, professoru olmuşdur. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri, Bakı Dövlət Universitetində kafedra müdiri, sonra isə professor vəzifələrində çalışmışdır. Bir sıra yarımkeçiricilərin fundamental xassələrini tədqiq etmiş, geniş spektrli xassələrə malik, böyük perspektivi olan yeni üçqat yarımkeçirici birləşmələr almışdır. Kompleks tədqiqatlar nəticəsində bu maddələrin fundamental udma kənarının, qadağan olunmuş zonalarının, rəqs spektrlərinin, homo- və hetero-keçidlərinin xüsusiyyətləri, foto- və katodo-lüminessensiya hadisələrinin, yükdaşıyıcıların səpilmə mexanizmlərinin, aşqarların bir-biri ilə qarşılıqlı təsirinin xarakterini müəyyən etmiş, bir sıra yeni metodlar işləyib hazırlamışdır. Bunlardan: güclü seqreqasiyaya malik olan bərk məhlulların monokristallarının alınma üsulu, güclü buxarlanan komponenti olan peritektik birləşmələrin monokristallarının alınma üsulu, aşqar səviyyələrinin təyin edilməsinin yeni üsulu, bərk cisimlərin istilik tutumunun təyin edilməsinin ekspres üsulu, p-tip yarımkeçiricilərdə dərin donor səviyyələrinin aşkara çıxarılması üsulu və s. göstərmək olar. V.Tahirov 241 elmi məqalə, 65 tezis, 3 monoqrafiya, 9 dərslik, 2 müəlliflik şəhadətnaməsi, 12 patentin müəllifidir. AMEA-nın müxbir üzvü Vladimir Tahirov 2014-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1932-2014)
|