Ağayev Telman Məmmədəli oğlu

   

Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirmişdir.

1969-cu ildə “Mədə reseptorlarının qıcıqlanması zamanı baş beyində zülal və aminli turşuların mübadiləsi” mövzusunda namizədlik, 1983-cü ildə “Beynin görmə analizatorunun stukturlarında qlutamin turşusu sisteminin formalaşmasının yaş xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1989-cu ildə professor elmi adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim 1960-cı ildən Naxçıvan MSSR Nazirlər Sovetində təlimatçı, kənd təsərrüfatı üzrə referent, 1963-cü ildən Kənd Təsərrüfatı Nazirliyində Hey­vandarlıq şöbəsinin müdiri, 1967-ci ildən Elmlər Akademiyasının (EA) Fiziologiya sektorunda (1968-ci ildən Fiziologiya İnstitutu adlandırılmışdır) kiçik elmi işçi, 1973-cü ildən böyük elmi işçi, 1975-2019-cu illərdə isə laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. O, 1993-1995-ci illərdə Azərbaycan EA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru olmuşdur. 2020-ci ildən isə bu elmi müəssisədə baş elmi işçi kimi fəaliyyət göstərmişdir.

AMEA-nın müxbir üzvü T.Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filogenez və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mər­kəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı.

Alimin elmi işlərinin əsas istiqamətini biokimyəvi tədqiqatlar, o cümlədən heyvanlarda görmə, eşitmə və digər sensor funksiyaların formalaşmasında beynin qlutamin turşusu və biogen aminləri tənzimedici sisteminin rolu, bu proseslərin neyrokimyəvi əsaslarının fundamental tədqiqi təşkil etmişdir. O, tədqiqatlarına əsaslanaraq təkamül və yaş fiziologiyası, biokimyasının bəzi mühüm elmi müddəalarını, funksional neyrokimyanın perspektiv istiqamətlərini irəli sürərək, filo- və ontogenezdə analizator sistemlərinin normal inkişafı və funksiyalarının pozulduğu şəraitdə beyin strukturlarında metabolik dəyişikliklərin kompleks tədqiqini aparmışdır.

T.Ağayevin elmi tədqiqatlarının digər bir aspekti isə heyvanlarda müxtəlif inkişaf mərhələ­lərində görmə, eşitmə sensor funksiyalarının tənzimində məlumat­ların nəqli və beyin mərkəzlərində yenidən işlənməsinin neyrokimyəvi əsasla­rının və bu proseslərdə neyromediatorların rolunun öyrənilməsi olmuşdur.

Bioloq alim 340 elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi idi. Onun elmi rəhbərliyi ilə 10 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlanmışdır.

O, Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Azərbaycan Fizioloqlar Cə­miy­yətinin vitse-prezidenti olmuşdur. Həmçinin AMEA-nın “Xəbərləri” (biologiya və tibb elmləri seriyası), “Eko­energetika” və Gürcüstan EA “Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. 

Bundan başqa, T.Ağayev YUNESKO-nun Azərbaycan Respublikasında “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” Milli Komitəsində təmsil olunmuş, Beyin Tədqiqatları üzrə Beynəlxalq Təşkilatın (IBRO) üzvü olmuşdur. 

Alim 2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilmişdir.

AMEA-nın müxbir üz­vü Telman Ağayev 2020-ci il mayın 9-da 84 yaşında vəfat edib.

(1935-2020)