Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Əliyev Namiq Nəriman oğlu

Namiq Nəriman oğlu Əliyev 1940-cı il iyul ayının 28-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən N.Əliyev 1968-1970-ci illərdə həmin institutun Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1970-ci ildə “Maqnit sahəsinin bəzi mikroorqanizmlərin marfogenetik və genetik-biokimyəvi xüsusiyyətlərinə təsiri” mövzusunda namizədlik, 1998-ci ildə “Maqnit sahəsinin bir sıra infeksion xəstəliklərin kompleks müalicəsində tətbiqinin klinik-eksperimental əsaslandırılması” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1989-cu ildə professor elmi adı almışdır.

N.Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, dosent, professor (1971-1990), Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müfəttiş (1981), Elmi-Tibbi Şuranın sədr müavini (1982-1991), Elm idarəsinin rəisi (1993-1994) vəzifələrində çalışmışdır. O, 1994-cü ildən V.Y.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru vəzifəsində çalışır. Aktiv pedaqoji fəaliyyətlə məşğul olan alim, eyni zamanda Azərbaycan Tibb Universitetində Yoluxucu xəstəliklər kafedrasının müdiri işləmişdir.

2001-ci ildə AMEA-nın müxbir, 2002-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.

N.Əliyev infeksion patologiya, mikrobiologiya, epidemiologiya, immunologiya və maqnitobiologiya sahələrində dəyərli tədqiqatlar aparmış, bir sıra yoluxucu-parazitar xəstəliklərin müalicəsində maqnitoterapiya, lazeroterapiya, sensor induksiya, aerozol proktoinhalyasiya kimi müalicə üsullarını tətbiq etmişdir.

Alim 300-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya, 5 dərslik və dərs vəsaiti, 18 səmərələşdirici təklif, 8 patentin müəllifidir. Onun elmi rəhbərliyi ilə 3 elmlər doktoru, 16 fəlsəfə doktoru hazırlanmışdır. O, BMT-nin ekologiya üzrə eksperti, Milli Bioetika Komitəsinin, həmçinin digər nüfuzlu yerli və beynəlxalq elmi cəmiyyətlərin üzvü olmuşdür.

AMEA-nın müxbir üzvü N.Əliyevin uzunillik elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, alim “Azərbaycanın əməkdar həkimi” (1992), “Əməkdar elm xadimi” (2000) fəxri adlarına layiq görülmüş, “Şöhrət” ordeni (2010) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Namiq Nəriman oğlu Əliyev  2020-ci ildə vəfat etmişdir.

(1940-2020)