Quliyev Nəriman Ağa-Qulu oğlu

 (1926-2014)
Quliyev Nəriman Ağaqulu oğlu 1926-cı il dekabrın 28-də Bakı şəhərində ziyalı ailəsin­də anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakül­təsini bitirmişdir.

1957-ci ildə fizika üzrə fəlsəfə dokto­ru, 1975-ci ildə fizika üzrə elmlər dok­toru elmi dərəcəsini almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1983-cü ildə həqi­qi üzvü seçilmişdir.

AEA Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, Elmlər Akademi­yasının vitse-prezidenti vəzifəsində çalışmışdır. 1992-2003-cü illərdə Rusiya­nın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökümətinin səlahiy­yətli nümayəndəsi olmuşdur.

N.Quliyevin elmi fəaliyyəti elementar zərrəciklərin fundamental qarşı­lıqlı təsirlərinin nəzəri əsaslarının öyrənilməsinə, zəif qarşılıqlı təsirin bir zərrəcikli mübadilə modellərinin, simmetriyanın spontan pozulmasına əsas­lanan kalibr­ləmə modellərinin qurulmasına, Standart Model və onun müx­təlif genişləndi­rilmiş variantları çərçivəsində elektrozəif proseslərin bir sıra xarakteristika­larının hesablanmasına və onların təcrübələrdə müşahidə edil­mə imkanlarının araşdırılmasına həsr olunmuşdur. Rəhbərliyi altında 40 ilə yaxın müddət ərzində Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan MEA arasında birgə elmi tədqiqat işləri aparılmışdır.

Azərbaycan Respublikası Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə yük­sək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın təşkilatçı­ların­dan­dır və bu tədqiqatların inkişafına mühüm töhfələr vermişdir. Onun təşəb­büsü ilə 1993-cü ildə AEA Fizika İnstitutu ATLAS layihəsinin icraçıları Şurasına daxil edilmişdir.

100-dən artıq elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 10-dan artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.

N.Quliyev 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şöhrət” ordeni, “İstiqlal” ordeni ilə təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Nəriman Quliyev 2014-cü ildə Bakıda vəfat etmişdir.