Sadıxov Kamil İsmayıl oğlu

Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il fevralın 27-də Şimali Osetiya Muxtar Res­publikasının Orconikidze şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir (1949).

K.Sadıxov kimya üzrə fəlsəfə doktoru (1957) və texnika üzrə elmlər doktoru (1968) elmi dərəcəsini, professor (1969) elmi adını almışdır, AEA-nın müxbir üzvü (1980), həqiqi üzvü (2001) seçilmişdir.

K.Sadıxov AzETNI-də elmi fəaliyyətə baş­lamış (1948), sonralar onun əsasın­da yaradılmış AEA Neft-Kimya Proses­ləri İnstitutunda (1959-1962), 1962-ci ildən isə Ə.Quliyev adına Aşqarlar Kimyası İns­titutunda işləmişdir.

K.Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri, keç­miş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır.

Elmi yaradıcılıq fəaliyyəti neft kimyasının bir sıra fundamental və mühüm təcrübi məsələlərinə – motor yağları və yağlayıcı-soyuducu maye­lərə (YSM) yük­sək təsirli aşqarların sintezi, tədqiqi, istehsal texnologiya­sı­nın işlənib hazır­lanması, onların əsasında yüksək keyfiyyətli sürtkü kompo­zisiyalarının və YSM-in tərtibi və sənayedə tətbiqinə həsr edilmişdir.

Yüksək təsirli neft sulfonatlarının sintezində xammalın seçilməsinin K.Sadı­xov tərəfindən işlənib hazırlanmış elmi əsasları bu sahədə məqsəd­yönlü sintez­lər aparmağa, bir sıra yüksək təsirli sulfonat aşqarlarının alınma texnologiya­sının işlənib hazırlanması və sənayedə tətbiqinə imkan vermiş­dir. Sulfonat aşqarların kimyəvi quruluşları ilə təsirlikləri arasında asılılıq K.Sadıxov tərə­findən müəyyən edilmişdir.

K.Sadıxov 400-dən çox elmi əsərin, o cümlədən 4 kitabın, 100-dən çox mü­əlliflik şəhadətnaməsi və patentin müəllifidir.

K.Sadıxov respublikamızın elmi tədqiqat və sahə institutlarında, ali mək­təblərində müvəffəqiyyətlə çalışan 19 fəlsəfə doktoru və 4 elmlər dok­to­ru yetişdirmişdir.

K.Sadıxov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, böyük ictimai işlərlə də məş­ğul olmuşdur. «Neft kimyası və neft emalı» Koordinasiya Şurasının, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuraların üzvü, Azərbaycan Elmlər Akademiyasının Kimya Bölmə­si­nin büro üzvü, dəfələrlə Bakı Dövlət Universitetində və Neft Akademi­yasında Dövlət buraxılış imtahan komissiyalarının sədri olmuşdur.

K.Sadıxov «Şöhrət» və «Şərəf Nişanı» ordenləri, «SSRİ İxtiraçısı» və «Əmək Veteranı» medalları ilə təltif olunmuş, Azər­baycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

K.Sadıxov 8 iyul 2016-cı ildə vəfat etmişdir.  

(1927-2016)