Əzizov Akif Həmid oğlu

Əzizov Akif Həmid oğlu 1943-cü il no­yabrın 2-də Ağdərə rayonunun Umudlu kən­dində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və MDU-nun Kimya fakültəsini bitirmişdir (1966).

A.Əzizov 1971-ci ildə kimya üzrə fəl­səfə doktoru və 1991-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə Azər­baycan MEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, labora­toriya müdiri, şöbə müdiri, 1988-2014-cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləmişdir. O, 1972-1985-ci illərdə Neft kimyası üzrə ixtisaslaşmış şuranın sədr müavini, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri, 2014-cü ilin mart ayından AMEA-nın Polimer Materialları İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kim­yası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqa­mə­tini neft-kimya sintezi proseslərində metalkompleks və metalüzvi kataliza­torların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqo­merlərin alın­masının, neft-kimya və neft emalı proseslərində ion-maye tex­no­logiyalarının və s. elmi əsaslarının işlənib hazırlan­ması təşkil edir.

A.Əzizov 594 elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 341-i xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jur­nallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 13 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.

A.Əzizov kimya üzrə bir sıra cəmiyyətlərin və Elmi Şuraların, o cüm­lədən Ru­siya Elmlər Akademiyasının “Mineral və təkrar olunan karbon­tərkibli xam­malın kim­yası” Elmi Şurasının xarici üzvü, Nyu-York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü, Dövlət Neft Şirkəti yanında neft emalı üzrə Elmi-texniki Şura­nın, AMEA akademik M.Nağı­yev adına Kataliz və Qeyri-üzvi Kimya İnsti­tu­tunun nəzdində elmi dərəcələr verən İxtisaslaşmış Şuraların, AMEA-nın «Neft kim­yası, Kinetika və kataliz» Prob­lem Şuralarının, «Azərbaycan Kimya Jurnalı», «Neft Kim­yası və neft emalı prosesləri», «Elm dünyası» jurnallarının redaksiya heyətlə­rinin üzvü­ olmuşdur. O, Azərbaycanda yeni neft-qaz və neft-kimya komp­lek­sinin qurulması üzrə ARDNŞ-nin işçi qrupunun, Azərbaycan Res­pub­likası Prezi­denti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA-nın birgə Elm fondunun ekspert komissiyalarının üzvü olmuşdur.

A.Əzizov SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, «Əmək rəşadəti» me­dalı, «Soros» Fondunun Fərdi Qrantı, AMEA-nın Fəxri fərman­ları, Azərbaycanın Əmək­dar elm xadimi fəxri adı, Azərbaycan Kütləvi infor­­masiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərə­findən “Xalqın nüfuzlu ziyalısı” fəxri dip­lomu və ixtiraçılıq sahəsində Birin­ci Res­publika müsabiqəsinin Birinci dərəcəli dip­lomu ilə təltif olunmuşdur. Azər­baycan Respublikası «Avropa Nəşr Mətbu Evi» mü­kafat komissiyası­nın qərarı ilə «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» qızıl me­dalı ilə təltif olunmuşdur.

A.Əzizov 20 noyabr 2016-cı ildə vəfat etmişdir. 

(1943-2016)