Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Əliyev Maqsud İsfəndiyar oğlu
Əliyev Maqsud İsfəndiyar oglu 1924-cü il avqustun 27-də Tbilisi şəhərində anadan olmuşdur. 1941-ci ildə Tbilisi Dövlət Universitetinin Fizika-riyaziyyat fakultəsinə daxil olmuş, 1943-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirakı ilə əlaqədar təhsili yarımçıq qalmış və müharibədən sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1957-ci ildə fizika üzrə fəlsəfə doktoru və 1966-cı ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1967-ci ildə professor elmi adını almış, 1969-cu ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

1961-ci ildə AEA Fizika İnstitutunda baş elmi işçi, sonra isə “Yarımkeçiricilərdə və yarımkeçiri nanostrukturlarda köçürmə hadisələri” laboratoriyasının müdiri olmuş, bir sıra təhsil ocaqlarında pedaqoji fəaliyyətini davam etdirmişdir. 1971-ci ildən AEA Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini, Fizika İnstitutunda Ümumi sektorun rəhbəri vəzifələrində çalışmışdır.

M.Əliyev klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olmuşdur. Onun rəhbərliyi ilə yarımkeçiricilərdə elektron və fonon prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal evtektikalarında ifratkeçirmə və Cozefson effekti tədqiq olunmuşdur. İlk dəfə olaraq A3B5 birləşmələri və onların bərk məhlullarının istilik keçirməsinin tədqiqinə dair işlərə rəhbərlik etmişdir.

M.Əliyev 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilmişdir.

M.Əliyev 1998-ci ildən Azərbaycan “Zadə irsi və süni intellekt” və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyalarının vitse-prezidenti, Beynəlxalq Ekoenergetika Elmlər Akademiyasının və “İntellektual inkişaf problemləri” Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.

“Şöhrət” ordeni (2004), “Almaniya üzərində Qələbə” medalı (1946), "Vətən müharibəsi" ordeni (1985), "Xalqlar dostluğu" ordeni (1986), akademik Y.Məmmədəliyev adına mükafat və medal (1994), “Sülhün səfiri” Beynəlxalq diplomu (2003) ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Əməkdar elm xadimidir (1989).

Ə.Maqsud 23 dekabr 2016-cı ildə vəfat etmişdir.

(1924-2016)