Həsənov Hüseyn Heydər oğlu

 

Hüseyn Heydər oğlu Həsənov 1932-ci il 19 oktyabrda İrəvan şəhərində anadan ol­muş­dur. Azərbaycan Dövlət Universitetinin Biolo­giya fakültəsini bitirmişdir (1954).

Biologiya elmləri üzrə fəlsəfə doktoru (1958) və elmlər doktoru dissertasi­ya­larını mü­dafiə etmiş (1967), Azərbaycan SSR EA-nın müx­bir üzvü (1972) və həqiqi üzvü seçilmişdir (1976).

H.H.Həsənov əmək fəaliyyəti döv­rün­də Azərbaycan SSR EA-nın Fiziologiya Sekto­runda laborant, aspirant, kiçik elmi işçi (1954-1958), Fiziologiya İnstitu­tunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor olmuşdur (1968-1995).

Akademik H.H.Həsənov ali sinir sisteminin fizioloji, biokimyəvi və struktur əsaslarının öyrənilməsinə, sensor informasiyaların realizə mexa­nizm­ləri, he­mostaz və adaptasiya kimi problemlərin həlli yollarının araş­dırılmasına xüsusi diqqət yetirmişdir. Onun elmi rəhbərliyi və iştirakı ilə yad­daşın neyrokimyəvi və neyrofizioloji mexanizmləri, beynin tənzimləyici sistemləri haqqında yeni elmi dəlillər əldə edilmişdir. Aparılan işlər nəticə­sində qidalanma emosiya və motivasiyasında iştirak edən limbik sistemin sinir və neyrokimyəvi mexanizm­ləri haqqında, təkamül funksiyalarının fizioloji, biokimyəvi və struktur əsasının tədqiqində, sensor informasiyaların realizə mexanizmləri, hemostaz və adapta­siya kimi problemlərin həlli üzrə əhə­miyyətli işlər görülmüşdür. Onun tərəfin­dən yaddaşın neyrokimyəvi və neyro­fizioloji mexanizmlərinin formalaşma­sı­nın, şərti reflektor, qida, su və mü­dafiə davranışında beynin tənzimləyici mexa­nizminin patogenezi haqqın­da yeni elmi fikirlər irəli sürülmüş, emosianal pro­seslərin sinir və neyrokim­yəvi mexanizmləri və sinir sisteminin bu proses­lərdə rolu öyrənilmişdir.

Akademik H.H.Həsənov 300-dən çox elmi əsərin, o cümlədən 5 mono­qra­fiyanın və 1 dərsliyin müəllifidir. Onun rəhbərliyi ilə 7 elmlər doktoru və 42 fəl­səfə doktoru hazırlanmışdır.

H.H.Həsənov dəfələrlə respublika elmini xarici ölkələrdə ləyaqətlə təmsil etmişdir.  H.H.Həsənovun təşkilatçılığı və rəhbərliyi altında Bakıda Ümumit­ti­faq Fizioloqlar Cəmiyyətinin qurultayı keçirilmişdir (1983).

H.H.Həsənov akademik Abdulla Qarayev adına Azərbaycan Fizio­loq­lar Cə­miyyətinin sədri, Azərbaycan EA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın elmi kadrlar üzrə Şurasının sədri, “Ali sinir fəa­liyyəti” və SSRİ EA-nın “Fiziologiya” jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvü (1981-1995), keçmiş SSRİ-də Fiziologiya üzrə K.M.Bıkov adına mükafatın verilməsi üzrə ekspert şurasının üzvü olmuşdur.

H.H.Həsənov YUNESKO-da “Beynin öyrənilməsi” elmi təşkilatında Azərbay­canı təmsil etmiş, Nyu-York Akademiyasına üzv seçilmişdir (1989). O, Azərbay­can Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görü­lmüş (1991), “Şanlı əməyə görə” medalı, “Şərəf nişanı” (1981) ordeni, “Fəxri nişan” (1982) ordeni ilə təltif edilmiş, elm və texnika üzrə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olmuşdur.

Akademik Hüseyn Həsənov 1995-ci il iyulun 18-də Bakıda vəfat etmişdir.

(1932-1995)