Məmmədəliyev Yusif Heydər oğlu

Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olmuşdur. Y.Məmmədəliyev Azər­bay­can Ali Pedaqoji İnstitutunun təbiət fakül­təsini bitirmiş (1926), daha sonra M.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində təh­sil almışdır (1929-1932). 1932-ci ildə Y.Məm­­mədəliyev Azər­baycan Kənd Təsərrüfatı İns­titutunun “Üzvi kimya” kafedrasına müdir tə­yin edilmiş, 1933-1945-ci illərdə Azərbay­can Neft Elmi-Tədqiqat İnstitu­tunda elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1938-ci ildə Y.Məm­mədəliyevin təbii və süni neft qazlarının kimyəvi emalı sahəsində apardığı sistemli tədqiqatları nəzərə alınaraq Moskva Dövlət Uni­versitetinin Elmi Şurası tərəfindən ona müdafiə etmədən “kimya üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir. O, 1958-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir.

1942-ci ildə “Aromatik karbohidrogenlərin alkilləşməsi və dealkilləş­məsi yolu ilə toluolun sintezi” mövzusunda dissertasiya müdafiə etmiş və elmlər doktoru alimlik dərəcəsi almış, 1943-cü ildə “Neft-kimyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. Y.Məmmədəliyev 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR EA-nın ilk kimyaçı-akademiki, Rəyasət Heyətinin üzvü, 1947-ci ildə Azər­baycan SSR EA-nın prezidenti seçilmişdir. Həmin ildə Azərbaycan SSR EA-nın Neft İnstitutunu yaratmış və ona rəhbərlik etmişdir. Alim, eyni za­manda, Bakı Dövlət Universi­tetində “Neft kimyası” kafedrasını yaratmış və ömrünün axırına kimi ona rəhbərlik etmişdir. Y.Məmmədəliyev Fizika-Texnika Elmləri və Neft Bölməsinin sədri (1950-1954), Bakı Dövlət Uni­ver­sitetinin rektoru olmuş (1954-1958), 1958-ci ildə ikinci dəfə Azərbaycan SSR EA-nın prezidenti seçilmiş və ömrünün axırına qədər həmin vəzifədə çalışmışdır.

Y.Məmmədəliyev Azərbaycan neft kimyasının əsasını qoymuşdur. Onun təbii və sənaye neft qazlarının emalı, karbohidrogenlərin katalitik çev­ril­məsi, hallogenləş­məsi, alkilləşmə, dealkilləşmə, aromatik və tsikloparafin karbo­hidrogenlərinin izomerləşməsi prosesləri sahəsindəki tədqiqatları dünya miq­yasında tanınır. Təbii qazdan karbon 4-xlorid, xloroform, metil-xlorid və s. qiymətli məhsulların alınma­sının yeni texnoloji xlorlaşma proseslərinin hazırlanması və tətbiqi böyük əhəmiy­yət kəsb edən işlərindən hesab olunur. Toluolun sintezi, yüksək oktanlı reaktiv yanacaqların istehsa­lının yeni üsulu da alimə geniş şöhrət qazandırılmışdır. İlk dəfə olaraq, Naftalan neftinin tərki­bində təsiredici maddələri öyrənmiş və təbabətdə tətbiq etmiş, neft polimer qatran­larının və s. alınmasının sənaye texnologi­yasını hazırlamışdır.

Azərbaycanda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Neft-Kimya Pro­ses­ləri Institutu, M.Füzuli adına Əlyazmaları İnstitutu, Sumqayıt Kimya Elmi Mər­kəzi və digər müəssisələrin təşkili onun adı ilə bağlıdır. Y.Məmmədəliyev Azər­bay­can Res­publikası “Bilik” cəmiyyətinin Rəyasət Heyətinin sədri, respublika Sülhü Mü­dafiə Komitəsinin Rəyasət Heyətinin və Azərbaycan SSR  Nazirlər Soveti yanında Elm və Texnika Komitəsinin üzvü olmuşdur.

Y.Məmmədəliyevin elmi tədqiqatlarının nəticələri 936 elmi və publisistik əsər­də, o cümlədən 15 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdir .

Y.Məmmədəliyev 12 elmlər doktoru, 29 fəlsəfə doktoru hazırlamışdır. Y.Məm­mədəliyev “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenləri, “Qafqazın Müda­fiəsi”, “Böyük Vətən Müharibəsində Şərəfli Əməyə görə” medalları ilə təltif edil­mişdir. Azərbaycan SSR Əməkdar elm xadimi və SSRİ Dövlət Mükafatı Laureatı adlarına layiq görülmüşdür.

Y.H.Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.

(1905-1961)