Abdullayev Həsən Məmmədbağır oğlu

Abdullayev Həsən Məmmədbağır oğlu 1918-ci il avqustun 20-də Culfa rayo­nunun Yaycı kəndində anadan olmuşdur. 1941-ci il­də Azərbaycan Peda­qoji İns­titutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948-ci ildə fizika üzrə fəl­səfə doktoru, 1954-cü ildə fizi­ka üzrə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə professor elmi adını almış, 1955-ci ildə AEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü, 1970-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir.

Ordubad Pedaqoji məktəbində müəllim (1941-1943), 1944-cü ildən AEA Fizika İnstitutunda aspirant, elmi işçi, direktor müavini, 1957-ci il­dən ömrünün axırınadək direktor olmuşdur. 1968-1970-ci illərdə AEA FRTE Bölməsinin aka­demik-katibi, AEA Prezidenti (1970-1983) vəzifələrində çalışmışdır.

H.Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusilə, yarımkeçiri­ci­lər fizi­kası və texnikasının əsasını qoymuş, hərtərəfli inkişaf etdirmiş, yük­sək səviy­yəli fiziklər kollektivi yaratmışdır. Selen, tellur,onların bir sıra mü­rəkkəb bir­ləşmələrinin kristallarının alınması və ətraflı tədqiqi, selen düzlən­diricilə­rində bağlayıcı təbəqənin əmələ gəlməsinin, elektroformovka və onun pozul­ması prosesinin fiziki təbiəti ilk dəfə onun tərəfindən müəyyənləşdi­ril­misdir. Ona görə də AEA Fizika İnstitutu 1957-ci ildə keçmiş ittifaqda selen və tellur­run tədqiqi və onların əsasında cihazların yaradılması üzrə baş elmi mərkəz kimi təsdiq edilmişdir. Rəhbərliyi altında laylı kristal quruluşlu yeni yarımke­çirici materiallar alınaraq onların elektron, fonon spektri, bu spektr­lər­lə kristal qu­ruluşu arasında əlaqə müəyyənləşdirilmiş, onlarda stimullaşdı­rıl­mış şüalanma, bərk cisim fizikasında yeni obyekt olan elektron – deşik ma­yesi, ikiölçülü elektron qazının mövcudluğunu sübut edən Holl müqavimə­tinin kvantlanması aşkar edilmişdir. Üçqat laylı birləşmələr əsasında yeni seqne­toelektrik yarım­ke­çirici materiallar sinfi kəşf edilmiş, neytronoqrafik tədqi­qat­larla onlarda nis­bətsiz fazaların mövcudluğu göstərilmişdir. İlk dəfə olaraq görmə prosesində selenin iştirakı haqda mülahizə irəli sürmüş və bu müla­hizəni təsdiq edən tədqiqatlar aparmışdır. Elmin böyük təşkilatçısı kimi nüfuz qazanmışdır.

H.Abdullayev 13 monoqrafiyanın (o cümlədən xaricdə dərc olunan), 500-dən artıq elmi məqalənin, 40-dan çox ixtiranın (o cümlədən ABŞ və Fransa Paten­ti­nin) müəllifidir. Rəhbərliyi altında 100-dən artıq fəlsəfə doktoru və 20 elm­lər doktoru yetişdirilmişdir.

H.Abdullayevin təşəbbüsü ilə 1956-cı ildə ADU-da yarımkeçiricilər fizikası kafedrası yaradılmışdır. O, SSRİ EA Rəyasət Heyəti yanında “Ya­rım­keçiricilər fizikası və kimyası” Elmi Şurasının üzvü, respublika “Fizika Problemləri” Elmi Şurasının və “Bilik” Cəmiyyəti İdarə Heyətinin sədri, elm və texnika sahəsində Azərbaycan Respublikası Dövlət mükafatları Komitə­sinin sədri olmuşdur. SSRİ Ali Sovetinin (8-11 çağırış) deputatı olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür.

H.Abdullayev “Qırmızı Əmək Bayrağı” və “Lenin” ordenləri, “Rəşadətli əməyə görə” medalı, SSRİ EA S.İ.Vavilov adına qızıl medal, Leypsiq yarmar­kasının (ADR) böyük qızıl medalı və s. ilə təltif edilmişdir.

Akademik H.Abdullayev 1993-cü il sentyabrın 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

(1918-1993)