Məmmədov Ələşrəf Veysəl oğlu

Ə.Məmmədov 1931-ci il noyabrın 1-də Qax rayo­nu­nun İlisu kəndində ana­dan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Döv­lət Univer­siteti) Geoloji coğrafiya fakültəsini fərqlən­mə diplomu ilə bitirmişdir.

Ə.Məmmədov 1956-cı ildə geologiya-mineralogiya üz­rə fəlsəfə doktoru, 1978-ci ildə geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərə­cə­lərini, 1988-ci ildə pro­fessor elmi adını al­mışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Ə.Məmmədov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının (AEA) Geo­logiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi vəzi­fəsində başlamış, AEA Neft Ekspedisiyasında işləmiş, 1971-2003-ci illərdə AMEA Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinə rəhbərlik etmişdir.

Ə.Məmmədov Azərbaycanın neftli-qazlı çöküntü komplekslərinin geotektonik və paleo­coğrafi toplanma şəraitlərini və tektonik quruluşunu tədqiq etmiş, Kür çökək­liyinin səth və dərinlik quruluşunu müəyyən etmiş, Orta Kür çökək­liyində neft-qaz axtarışının elmi əsaslarını vermiş, Xəzər dənizinin Mezozoy və Kaynozoy eralarındakı inkişaf tarixini bərpa etmiş, həmçinin Azərbay­canın və Xəzər bölgə­sinin Dördüncü Dövr çöküntülərinin xronostrati­qra­fi­yasını işləmiş, ölkə­mizin və Cənubi Qafqazın gec Kay­no­zoyunun radio­met­rik şkalasını işləmiş, Xəzər dənizinin Dördüncü Dövr transqres­si­yasının və reqressiyasının həmin dövrdəki buzlaşma­larla əlaqəsini müəyyən etmiş, Azərbaycanın paleolandşaft­larının və paleoiqlimi­nin təkamül xüsusiyyət­lə­rini aşkar etmişdir.

Ə.Məmmədovun tədqiqatları regional geologiya, neft geologiyası, tek­to­nika, strati­qrafiya, geomorfologiya, paleocoğrafiya və başqa elm sahə­lərini əha­tə edir. Əsas tədqi­qatları Azərbaycanın depressiya zonalarının geoloji qu­ruluşu­nun, geoloji inkişaf tari­xinin və neftlilik prespektivliyinin öyrənil­məsinə həsr olunub. O, bir sıra yeni pers­pektivli strukturlar aşkar etmiş və neft yataqları axtarışı üçün çoxsaylı təkliflər vermiş­dir. Muradxanlı, Cəfərli, Şıxbağı, Zərdab, Tərsdəllər, Gürzündağ kimi neft yataqlarının kəşfi onun təkliflərinin nəticəsidir.

Ə.Məmmədov Azərbaycan paleocoğrafiya məktəbinin yaradıcısı he­sab edi­lir. O, 230-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiya,  6 atlas və 10 xəritə­nin müəllifidir. 66 əsəri xarici ölkələrdə çap edilmişdir. Onun rəhbərliyi altında 3 elmlər doktoru və 8 fəlsəfə doktoru  hazırlanmışdır.

Ə.Məmmədov uzun illər keçmiş SSRİ EA-nın və Rusiyanın İdarələr­arası Stra­ti­qra­fiya Komitəsinin Neogen və Dördüncü Dövr sistemləri üzrə komissiyaları­nın üz­vü, Azərbaycanda neft və qaz geoloji kəşfiyyat işlərinin səmərəliliyi­nin artırılması üzrə mütəxəssislər şurasının üzvü, Azərbaycan Prezidenti yanında Ali Atesstasiya Komissiyasının Yer elmləri üzrə  ekspert şurasının üzvü, AMEA Geologiya İnstitutu­nun müdafiə üzrə İxtisaslaşdırıl­mış şura­sının həmsədri, AMEA Yer Elmləri Bölmə­si­nin akademik-katibinin müavi­ni, AMEA-nın “Xəbər­lər” (Yer elmləri seriyası) jur­na­lı­nın baş redaktorunun müavini, Azərbaycan geoloqları Milli komitəsinin bü­ro üz­vü, Azərbaycan İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen komissiyasının sədri və aka­demik H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun müdafiə üzrə İxtisas­laşdırılmış şurasının üzvü olmuşdur.

Ə.Məmmədov Azərbaycan Dövlət Mükafatı və Hacı Zeynalabdin Tağıyev adına Milli mükafata layiq görülmüş, “Fədakar əməyə görə” medalı ilə təltif edilmişdir.

Akademik Ələşrəf Məmmədov 2003-cü ildə Bakıda vəfat etmişdir.

 (1931-2003)