Kərimov Mahmud Kərim oğlu

Kərimov Mahmud Kərim oğlu 1948-ci il oktyabrın 18-də İrəvan şəhərində ana­dan olmuş­­dur. 1971-ci ildə ADU-nu bitir­miş­dir. Fizika-riya­ziyyat üzrə fəlsəfə doktoru (1979), fizika-riyaziyyat üzrə elmlər doktoru (1989) elmi dərəcəsini, professor elmi adını (2000) almış, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Sovet Ordusunda taqım komandiri və­zifəsində qulluq etdikdən sonra Fizika İnstitu­tuna mühəndis vəzifəsinə qə­bul edilmiş, 1974-cü ildə kimyəvi-fizika qrupu ilə birlikdə Radiasiya Təd­qiqatları Sektoruna keçirilərək elmi işçi, elmi katib, laboratoriya müdiri və direktor (1974-2001) vəzifə­lə­rində, 2001-2013-cü illərdə AMEA-nın prezidenti vəzi­fəsində çalışmışdır. Azərbaycan Milli Elm Fondunun pre­zi­denti (2002-2013), Azərbaycan Milli Ensi­klo­pediyasının baş redaktoru (2004-2013) olmuşdur. Gürcüstan MEA-nın və Qazaxıstan MEA-nın fəxri üzvü seçilmişdir.

M.Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizi­kası ilə bağlıdır. İlk dəfə olaraq polimer dielektriklərdə güclü elektrik sahə­sinin təsiri ilə baş verən elementar elektron və molekulyar prosesləri tədqiq etmiş və materialların xassələrinin fiziki üsullarla idarə edilməsi, polimer dielektriklərin elektrik köhnəlməsi və dağılması mexanizmlərini aydınlaşdır­mış, aşkar etdiyi elektrik sahəsi ilə stimullaşdırılan termolüminessensiya ef­fekti polimerlərdə lokallaşmış yüklərin enerji səviyyələrinə görə paylanma­sı­na elektrik sahəsinin təsirini müəyyən etməyə imkan vermiş və polimerlərdə molekulyar dinamika­nın və lokallaşmış halların tədqiqində geniş yayılmış­dır. M.Kərimov tərəfindən yaradılmış polimer dielektriklərdə güclü lokal elektrik sahə oblastlarının spin-zond diaqnostika üsulu polimer izolyatorların davam­lılığının proqnozlaşdırıl­masında, onlarda həcmi yüklərin formalaşması və toplanması proseslərinin tədqiqində, güclü elektrik sahəsinin təsiri altında baş verən elementar destruk­tivliyin mexanizmini aşkar etməyə, polimerlərin quruluşu və xassələrinin mo­difikasiyasında sərbəst radikalların rolunu müəy­yən etməyə imkan vermişdir. İlk dəfə onun tərəfindən müəyyən edilmiş mak­roradikalların fotogenerasiya­sın­dakı elektrik sahə effekti materialların fiziki-kimyəvi xassələrini xarici elek­trik sahəsi ilə tənzim etməyə və polimer mate­riallarda fotoprosesləri idarə etməyə imkan yaratmışdır. Müxtəlif tip bərk maddələrə ionlaşdırıcı şüaların təsiri altında yarımkeçirici, polimer, di­elektrik maddələrin fiziki və fiziki-kim­yəvi xassələrində baş verən dəyişik­likləri, on­ların qanunauyğunluqlarını komp­leks şəkildə tədqiq etmişdir. Onun kvazibir­ölçülü yarımkeçiricilərdəki yükdaşı­yı­cıların nəqlində aşkar et­diyi maqnit-spin effektləri molekulyar informasiya çeviriciləri və spintronika elementlərinin yaradılmasına imkan yaratmışdır. Elektron paramaqnit rezo­nansı metodunu fizika, kimya və biologiyanın müx­təlif məsələlərinin həllinə uğurla tətbiq etmiş və çoxsaylı müəlliflik şəhadətna­mələri almışdır. Rəhbər­liyi altında radiasiya təhlükəsizliyi, radioekologiya, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlə­rində yeni fundamental elmi və texniki tədqiqat işləri təşkil edilmiş, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə mühüm layihələrin icrasını təmin etmişdir.

 200-dən artıq elmi əsərin və ixtiranın müəllifidir. Rəhbərliyi altında 8 fəl­səfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Akademik Mahmud Kərimov 2013-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiya­ban­da dəfn edilmişdir.

(1948-2013)