Abdullayev Cahangir Məmməd oğlu

Abdullayev Cahangir Məmməd oğlu 1901-ci il may ayının 1-də Gəncə şəhə­rində anadan olmuşdur.

Gəncədə klassik gimnaziyada təhsil al­mış, 1925-ci ildə Azərbaycan Dövlət Univer­sitetinin tibb fakültəsini bitirmişdir. 1926-1932-ci illərdə Leninqradda (Sankt-Peter­burq) diplomdansonrakı təhsilini davam etdirmişdir.

C.Abdullayev 1936-cı ildə elmlər doktorluğu dis­­ser­tasiyası müdafiə etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür.

C.Abdullayev 1959-cu ildə Azərbаycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

C.Abdullayev Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital tera­pi­yası ka­fed­rasının assistenti kimi (1932) əmək fəaliyyətinə başlamış, həmin kafedranın müdiri (1943-1973) vəzifəsində çalışmışdır.

C.Abdullayevin rəhbərliyi ilə Elmi-Tədqiqat Kliniki Eksperimen­tal Təbabət İnstitutunda kardioloji şöbə yaradılmışdır (1961).

C.M.Abdullayev kardiologiya sahəsi üzrə beynəlxalq aləmdə tanınmış gör­kəmli elm xadimlərindən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqa­mətləri­ni diyar patologiyası, hematologiya, ateroskleroz xəstəliklərinin, ürək-damar sis­temi patologiyasının etiologiyası, patogenezi, klinikası, profilaktika və müa­licə­si, eləcə də neft sənayesi işçilərində peşə xəstəlikləri probleminin, neft kar­bo­hid­ro­genlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına göstərdiyi tə­sirlərin öyrənilməsi,ürəyin işemik xəstəliyinin etiologiyası, pa­to­genezi, klini­ka­sı, diaqnostikası, müasir müalicə və profilaktika üsullarının araşdırılmasını təşkil etmişdir.

Alim həmçinin strofantinin damargenişləndirmə təsirini müəy­yənləş­dir­miş, miokard infarktı xəstəliyinin müalicəsində ondan geniş istifadə etmişdir.

C.M.Abdullayev 150-dən artıq elmi işin, o cümlədən 10 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi və həmmüəlifi olmuşdur.

Onun rəhbərliyi və məsləhətçiliyi altında böyük əksəriyyəti milli kadr­lardan ibarət olan 13 nəfər elmlər doktoru, 47 nəfər elmlər namizədi hazır­lanmışdır. Alim bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq qurultay, simpo­zium və kon­franslarda fəal iştirak etmiş, elmi məruzələri dinlənilərək yüksək qiymətləndir­miş, elmi əsərlərinə çox sayda istinadlar olunmuşdur.

C.Abdullayevin rəhbərliyi altında respublikamızda ilk dəfə praktik hə­kimin iş praktikasında elektrokardioqraf tətbiq edilmişdir.

C.Abdullayev Beynəlxalq Terapevtlər Assosiasiyasının (1960), Bey­nəl­xalq Kardioloqlar Assosiasiyasının üzvü (1963), Azərbaycan Respubli­kası Kardio­loq­lar Cəmiyyətinin sədri olmuşdur, (1966), Azərbaycan Respublika­sının Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yaradılması ideyasını vermiş, bu ideyanın həyata keçirilməsinin planlarını hazırlamışdır.

C.Abdullayev Əməkdar Elm xadimi fəxri adına layiq görülmüş (1940), “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazir­liyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutuna onun adı veril­mişdir. Azərbaycan Tibb Universitetində “Akademik C.Abdullayev” adına təsis edilən təqaüd təhsildə fərqlənən əlaçı tələbələrə təqdim olunmuşdur.

C.Abdullayev 4 yanvar 1973-cü ildə Bakıda vəfat etmişdir.

(1901-1973)