Derjavin Aleksandr Nikolayeviç

Derjavin Aleksandr Nikolayeviç1878-ci il dekabrın 5-də Kazan şəhərində mü­əllim ailə­sində anadan olmuşdur. Kazan Universitetinin Fizi­ka-riyaziyyat fakültəsi­nin təbiət elmləri şö­bə­sini birinci dərəcəli diplomla bitirmişdir (1902). A.N.Derja­vinə SSRİ Ali Attestasiya Komissi­yası tərəfindən dissertasiya müdafiə etmədən elmi əsərləri əsasında biologiya elmləri doktoru (1938) və professor (1938) elmi adı verilmişdir. O, Azərbay­can SSR EA-nın həqiqi üzvü (1955) seçilmişdir.

Universitet illərindən elmi marağını müəyyənləşdirən A.N.Derjavin su hey­vanla­rını öyrənməklə məşğul olmuşdur. A.N.Derjavin Kazan Univer­si­tetinin Zoologiya ka­fed­ra­sında (1902-1907) çalışmış, Rusiya Coğrafiya Cə­miyyətinin təşkil etdiyi Kamçat­ka ekspedisiyasında iştirak etmişdir (1908-1910), topladığı materiallar əsasında də­niz mənşəli relikt faunanın təsvirini vermiş­dir. Bu təd­qiqata görə o, Rusiya Coğrafiya Cəmiyyətinin gümüş me­dalı ilə təltif olunmuşdur. A.N.Derjavin Həştərxan İxtiologiya laboratoriya­sında bio­loq kimi işləmişdir (1910-1912). 1912-ci ildə Bakıya dəvət olun­muş və Əkin­çilik Departamenti nəzdində İxtiologiya laboratoriyasını təşkil edə­rək 15 il onun rəhbəri olmuşdur (1927). Xəzər dənizində nərə balıqlarının, Xəzər qızıl­ba­lığının biologiyası sahə­sində geniş tədqiqatlar aparmışdır. Kür hövzəsində stasio­nar məntəqə­lər yarat­mış, nərə, uzunburun, qızılbalıq və kütüm kimi qiy­mətli balıqların süni yolla artırılmasını təşkil etmişdir. Nərə balıqları kürülə­rinin lil ilə qabaqcadan yu­maqla mayalandırma metodunu və Ses-Qrin aparatında maya­lan­mış kürülərin inkubasiya metodlarını işləyib hazırlamışdır. Beləliklə A.N.Der­javin nərə balıqla­rının süni artırılma­sının əsasını qoymuşdur. Derjavinin bu illərdə apardığı təd­qiqat işləri 1922-ci ildə çapdan çıxmış “Uzunburun” mono­qrafiyasında öz əksini tapmışdır.

A.N.Derjavin Bakı Universitetinin yaradılmasında və orada Zoologiya ka­fed­rasının təşkilində (1919) yaxından iştirak etmiş və bu kafedranın ilk pro­fessoru olmuşdur. İran-Qafqaz balıqartırma şöbəsinin müdiri olmuş (1922–1929) A.N.Der­javin İranın Səfidrud çayında nərələrin artırılmasını təşkil etmiş və Şimali İranın su hövzələrinin balıq faunasını öyrənmişdir. 1930-cu ildə A.N.Derjavin Uzaq Şərq Ba­lıq Sənayesi İnstitutunda Vətəgə onurğasız­ları kafed­rasının professoru işləmişdir. 1932-ci ildə Bakıya qayı­tmış və ömrünün axırına kimi burada fəaliyyət göstər­mişdir. O, Bakı İxtiologiya laboratoriyasına (1932) və Kür balıqcılıq stansi­yasına (1936) rəhbərlik etmiş, eyni zamanda Azərbaycan EA-da Zoologiya sektoru­nun Su heyvanları şöbəsi­nin müdiri olmuşdur.

A.N.Derjavin 1940-cı ildən etibarən bütün fəaliyyətini AEA Zoologi­ya İnsti­tu­tunun Su heyvanları şöbəsindəki tədqiqatlara yönəltmişdir. Bu dövrdə o, “Xəzərdə qızılbalıq ehtiyatlarının bərpası” (1941), “Nərə balıqları ehti­yat­ları­nın bərpası” (1947), “Kürün balıq təsərrüfatı” (1956) monoqrafi­ya­larını nəşr etdirmişdir. Bütün bunlarla yanaşı, “Azərbaycanın heyvanlar aləmi” (1951) kitabında A.N.Derjavin Xəzər dənizi və Azər­bay­canın şirin sularının faunası haqqında 16 məqalə dərc etdirmişdir.

Akademik 200-dən artıq elmi əsərinin əksəriyyətini Bakıda yazmış və çap etdirmişdir.

A.N.Derjavinin rəhbərliyi altında 10-dan çox elmlər doktoru və fəlsəfə dok­toru dissertasiyası müdafiə edilmişdir.

Səmərəli elmi fəaliyyətinə görə alim Əməkdar elm xadimi fəxri adına layiq gö­rül­müş (1954), “Qirmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir sıra medal­larla təltif olunmuşdur.

Akademik Aleksandr Derjavin 1963-cü il sentyabr ayının 17-də vəfat etmişdir.

(1878–1963)