Əliyev Tofiq Məmməd oğlu

Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyunun 1-də Gəncə şəhərində anadan olmuşdur.

Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsini bitirmiş (1951), 1954-cü ildə texnika üzrə fəlsəfə doktoru, 1967-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini, 1969-cu ildə professor elmi adını almışdır. 1980-ci ildə AEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

 ASİ-də assisent (1954-1956), dosent (1956-1959), Neftkimyaavtomat ETLİ-də direktor müavini (1959-1972), ASİ-nin kafedra müdiri (1972-1993), prorektor (1988-1989), rektor (1989-1993) vəzifə­lərində çalışmışdır.     

T.Məmmədovun elmi fəaliyyəti informatika və hesablama texnikası sa­həsinə həsr olunmuşdur və neft emalı üçün ölçmə sistemlərinin, o cümlədən çoxölçülü sistemlərin işlənilməsi üçün orijinal ənənəvi olmayan yanaşmalarla əlaqədar­dır. Avtomatik tənzimləmə nəzəriyyəsi əsasında çoxölçülü ölçmə sis­temlərinin yara­dılması istiqamətində əldə etdiyi nəticələrin tətbiqi ilə informa­siya çevi­ri­ciləri kompleksi və məlumat-ölçmə sənaye sistemi yaradılmışdır. Neft səna­yesi üçün lokal və mərkəzləşdirilmiş avtomatik nəzarət və məlumat sistem­lərinin yaradıl­ması istiqamətində nəzəri və təcrübi tədqiqatlarının nəticələri əsasında avtomat­laşdırma sistemləri və texniki vasitələr kompleksi yaradılmış­dır. Hesab­lama tex­nikasının tətbiqi ilə neft və neft məhsulları sax­lanılan sə­naye obyektlə­rində geo­fiziki informasiyanın toplanması və emalı sistemləri üçün avtomatlaş­dırılmış sə­naye məlumat-ölçmə sistemlərinin nəzəri əsaslarını işləmiş, sənaye miqyasında tətbiq etmişdir. Rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış kom­püter sistem­ləri və texniki vasitələrlə xalq təsərrü­fa­tının geo­fiziki-mədən, aerokosmik, hidro­texniki, xüsusi təyinatlı və s. sahə­lə­rində geniş çeşidli informasıyanın işlənilməsi məsələləri həll edilmişdir.

Texniki kibernetikanın müxtəlif bölmələri ilə əlaqəli Ölçmələrin ümu­mi nəzəriyyəsi istiqamətində apardığı tədqiqatlar nəticəsində Xətaların itera­siyalı korreksiyası nəzəriyyəsi yaradılmışdır.

37 monoqrafiya və kitabın, 227 məqalənin, 213 ixtiranın müəllifidir. Rəh­bərliyi altında 38 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlanmışdır.

T.Əliyev SSRİ (2 dəfə) və Azərbaycan SSR Dövlət mükafatları laureatı olmuş, Əmək­dar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Tofiq Əliyev 1993-cü ildə Bakıda vəfat etmişdir.

 (1928-1993)