Əliyev Vahab Səfər oğlu

Əliyev Vahab Səfər oğlu 1908-ci il iyu­nun 20-də Bakının Saray kəndində anadan olmuşdur. Bakı şəhərində Fəhlə fakültəsini (1929) və Moskva Neft İnstitutunu kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir (1934).

V.Əliyev 1950-ci ildə kimya üzrə fəl­səfə doktoru, 1961-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1962-ci ildə professor elmi adını almışdır. 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. V.Əliyev “Azneftkombinat” nəz­din­də “Azneft­layihə”nin layihəçi-mühəndisi (1934-1935), Neft kəmərləri kontorunda (1937) və BKZ-də texniki şöbələrin rəisi (1938-1940), AZQAZ trestinin istehsa­lat-texniki şöbəsinin böyük mühəndisi (1941), hə­min trestin 3№-li, sonra isə 4№-li zavodlarının və BKZ-nın baş mühəndisi olmuşdur (1942).

V.Əliyev Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun direk­toru (1951-1959), Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunun di­rek­tor müavini (1959-1962), direktoru (1962-1987) və direktorun məsləhət­çisi (1987-1993) vəzifələrin­də çalışmış, Azərbaycan EA Kimya Elmləri Bölmə­si­nin akademik-katibi və Rəyasət Heyətinin üzvü olmuşdur (1981-1990).

V.Əliyevin respublika neft sənayesinin inkişafında əvəzedilməz xidməti olmuş­dur. O, sənayedə tətbiq olunan bir çox orijinal proseslərin müəllifidir. Onun rəhbərliyi altında Azərbaycan alimləri dünyada ilk dəfə olaraq katalizatorun qay­nar lay texnikasının nəzəri əsaslarını işləyib hazırlamış, neft emalı sənayesi üçün böyük əhəmiyyət kəsb edən bir sıra texnoloji proseslər və təkmilləş­mə­ləri tətbiq etmişlər. Yalnız Azərbaycanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tətbiq edilən orijinal texnoloji proseslər katalizatorun qay­nar layında kata­litik krekinq, qaynar layda butanın butilenə dehidrogenləş­məsi, neftin emala hazır­lanması, kar­bamid məhlulunda yağ və yanacağın deparafinləşməsi pro­sesləri onun rəh­bər­liyi altında işlənib hazırlanmışdır.

V.Əliyevin elmi tədqiqatlarının nəticələri 755 elmi əsərdə, o cümlədən  5 mo­no­qrafiya, 350 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. O, 7 elmlər doktoru, 30 fəlsəfə doktoru hazırlamışdır.

İki pilləli katalitik krekinq, alunitin emalı və etilen oksidinin alınması pro­seslərinə ABŞ-da, İtaliyada və Bolqarıstanda lisenziyalar verilmişdir.

V.Əliyev D.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin mər­­kəzi idarə heyətinin və Azərbaycan SSR “Bilik” cəmiyyətinin Rəyasət Hey­ətinin üzvü, SSRİ EA-nın və Azərbaycan SSR EA-nın bir sıra elmi-texniki şuraları­nın, elm və texnika üzrə SSRİ Dövlət Komitəsinin, Dövlət plan komitəsinin, SSRİ və Azərbaycan SSR-in bir neçə ictimai təşkilatlarının üzvü olmuşdur.

V.Əliyev Azərbaycanın Əməkdar elm və texnika xadimi, “Fəxri neft kimya­çısı” adlarına, SSRİ və Azərbaycan Dövlət mükafatına layiq görül­müş­dür. O, 5 orden, 9 medal və bir sıra fəxri fərmanlarla təltif olunmuşdur.

Akademik Vahab Əliyev 1993-cü ildə Bakıda vəfat etmişdir.

(1908-1993)