Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu

Ə.Əlizadə 1911-ci ildə Şamaxı şəhərin­də anadan olmuşdur. 1935-ci ildə Azər­baycan Neft İns­titutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univer­siteti) fərq­lənmə diplomu  ilə bitirmişdir.

Ə.Əlizadə 1944-cü ildə namizədlik dis­ser­tasiyası müdafiə etmiş və geologi­ya-mine­ralogiya üz­rə elmlər doktoru elmi dərəcəsini almışdır. ­1945-ci ildə Azərbaycan Elmlər Akademi­yasının (AEA) təsis­çilərindən biri olan alim elə həmin il akademiyanın həqiqi üzvü seçilmişdir.

Ə.Əlizadə əmək fəaliyyətinə 1934-cü ildə “Azneft­kəşfiyyat” trestində başla­mış və orada 1942-ci ilə qədər işləmişdir. 1942-1946-cı illərdə partiyanın rəh­bər orqanlarında fəaliyyət göstərmişdir. 1943-cü ildə yeni neft yataqlarının kəş­finə və mənimsənilməsinə görə Dövlət Mükafatına layiq görülmüşdür. 1946-cı ildə kiçikhəcmli elektroperforator cihazını işləyib hazır­ladığına görə, ikinci dəfə Dövlət Mükafatına layiq görülmüşdür. 1946-1948-ci illərdə “Azneft” Birliyinin rəisi vəzifəsində işləmişdir. 1948-ci ildə “Azneftkəşfiy­yat” Birliyinə rəis təyin olunmuşdur. 1949-1950-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neftçı­xarma İnstitutunun Türkmənistan filialın­da (Nebit-Dağ) baş mühəndis və geo­loji laboratoriyanın müdiri təyin edil­miş alim Türkmənista­nın neftli-qazlı vila­yətlərinin geologiyasının tədqiqi ilə məşğul olmuşdur. Öz tədqiqatları nəticə­sində Qərbi Türkmənistanda zəngin akçaqıl faunasını kəşf etməsi stratiqrafiya-paleontologiya elmi üçün böyük əhəmiyyət kəsb etmişdir. Akademik 1950-1954-cü illərdə Türkmənistan Dövlət Universite­tinin geologiya kafedrasının və SSRİ Elmlər Akademiya­sının Türkmənistan filialında faydalı qazıntılar bölməsi­nin müdiri vəzifə­sində işləmiş və neogen çöküntülərini tədqiq etmişdir.

Ə.Əlizadə 1954-1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının professoru olmuşdur. Ə.Əli­zadə 1959-1977-ci illərdə Neftçıxarma üzrə Azərbaycan Elmi Tədqi­qat İnstitu­tunun direktoru, 1977-ci ildən etibarən AEA-nın Geo­lo­giya İns­titu­tunda Regio­nal geologiya və tektonika şöbəsinin və Geodina­mika labora­toriyasının rəhbəri vəzifələrində işləmişdir. Akademik Ə.Əliza­də regional geologiya, geotek­tonika və neft-qaz geologiyası sahəsində böyük mütəxəs­sis, Azərbaycanın və Türkmə­nistanın məhsuldar qat (orta pliosen) çöküntü­lərində neft və qaz yataqlarının əmələgəlməsi qanunauy­ğun­­lu­ğunu müəy­yən edənlərdən və Azərbaycanın me­zo­zoy nefti haqqında elmin əsasını qoyan­lardan, həmçinin paleogenin və neo­genin biostratiqrafik tədqiqatçısı, bir sıra yeni neft və qaz-kondensat yataqla­rını kəşf edənlərdən biri olmuşdur.

Ə.Əlizadənin rəhbərliyilə 60 elmlər və fəlsəfə doktoru hazırlanmışdır. O, 400-dən çox elmi əsərin, o cümlədən 30 monoqrafiyanın müəllifi olmuşdur.

Ə.Əlizadə “SSRİ-nin Fəxri Neftçisi”, Türkmənistan SSR-in Əməkdar Elm və Texnika Xadimi adlarına layiq görülmüşdür.

Akademik Ələşrəf Əlizadə 1985-ci ildə Bakıda vəfat etmişdir.

(1911-1985)